Qusar rayonun Kuzun kəndində növbəti tibbi xidmət təşkil olunub
15 avqust 2025 | 17:50
Əhalinin sağlamlığının qorunması, profilaktik tədbirlərin gücləndirilməsi və keyfiyyətli səhiyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qusar Rayon Mərkəzi Xəstəxanasının səyyar həkim briqadası növbəti dəfə Kuzun kəndində olub. Həkim briqadasının tərkibində həkim-terapevt, həkim-oftalmoloq, həkim-pediatr, mama-ginekoloq, həkim-kardioloq, lor və laborantın iştirakı təmin olunub.
Gün ərzində Kuzun və Zindanmuruq kəndlərinin sakinləri ixtisaslı mütəxəssislər tərəfindən tibbi müayinələrdən keçirilib, qan analizləri götürülüb, bəzilərinə yerində tibbi yardım göstərilib, vətəndaşlara müvafiq müalicələr təyin olunub. Müraciətlərin çoxluğunu terapevt həkimin müayinəsi təşkil edib. 5 nəfəri uşaq olmaqla 30-dan çox vətəndaşa 120 adda tibbi xidmət göstərilib. Sakinlərə göstərilən bütün xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanıb.
Proqram çərçivəsində səyyar tibbi xidmətlərin rayonun digər yaşayış məntəqələrində də təsdiqlənmiş qrafik əsasında davam etdirilməsi nəzərdə tutulur. Bu, xüsusilə ucqar kəndlərdə yaşayan, stasionar səhiyyə müəssisələrinə müraciət imkanları məhdud olan vətəndaşlara zəruri tibbi xidmətlərdən yararlanmaq imkanı yaradır.






