Qusar rayonun Mucuq kəndində vətəndaşların növbəti səyyar qəbulu keçirilmişdir
Qusar rayonun Mucuq kəndində keçirilən növbəti səyyar qəbulda sakinlər kənddə görülmüş işləri qeyd etməklə yanaşı, onları narahat edən məsələləri də rayon rəhbərliyinin diqqətinə çatdırmışdır. Kənd sakinləri 70-ci illərdə tikilmiş məktəb binasının əsaslı təmir olunması, istismara yararsız elektrik və rabitə xətlərinin yeniləri ilə əvəz edilməsi, kənd daxili küçələrin təmiri, fərdi evlərinin qazlaşdırılması, vətəndaşlara məxsus pay torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi, əkin sahələrinin suvarılmasında yaranan çətinliklərin və taxıl biçini zamanı kombayn çatışmazlığın aradan qaldırılması və digər məsələlərin həllinə köməklik göstərilməsi xahiş etmişdir. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilmiş, bir sıra məsələlərə müvafiq izahat verilmiş, digər problemlərin həlli üçün əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının və bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir.