Qusar rayonunda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə ümumrayon tədbiri keçirilib
13 iyun 2025 | 20:50
13 iyun 2025-ci il tarixdə Qusar rayonunda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Zəfər tariximizin başlanğıcı – 15 İyun Milli Qurtuluş Günü” mövzusunda ümumrayon tədbiri keçirilib.
Tədbirdə Qusar Rayon İcra Hakimiyyəti başçısının I müavini Şahid Fərəməzov, RİH başçısı Aparatının məsul şəxsləri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kollektiv üzvləri iştirak ediblər.
Tədbir öncəsi ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülərək, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edilib. Ardınca “Milli Qurtuluşdan Zəfərə doğru” adlı şagirdlərin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib. Qusar İncəsənət Məktəbinin kiçik xor kollektivinin ifasında “Vətənim mənim” mahnısı səsləndirilib.
Qusar Rayon Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Qusar Rayon İcra Hakimiyyəti başçısının I müavini Şahid Fərəməzov tədbiri giriş nitqi ilə açaraq bildirib ki, 1993-cü ilin 15 iyun tarixi Azərbaycan xalqı üçün təkcə bir siyasi dönüş nöqtəsi deyil, həm də milli dövlətçilik ideyalarının gerçəyə çevrildiyi gün kimi tarixə düşüb. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Respublikada tüğyan edən ictimai-siyasi böhran aradan qaldırıldı. Bu gün Mili Qurtuluşla yaradılan təməllər üzərində Prezident İlham Əliyev Azərbaycanı dünyada söz sahibi olan güclü dövlətə çevirib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Qusar Rayon Təşkilatının sədr müavini Neva Abdurahmanova Ulu Öndər Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğundakı müstəsna xidmətlərindən ətraflı məlumat verərək, qeyd edib ki, bu gün ölkənin inkişafı, güclənməsi və qlobal arenada tanınması məhz Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir.
Tədbirdə çıxış edən “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş Vəfadar Babaverdiyev, Qusar şəhər 4 saylı tam orta məktəbin tarix müəllimi Bahaddin Osmanov ümummilli lider Heydər Əliyevin Vətəni və xalqı qarşısında əvəzolunmaz xidmətlərindən, xilaskarlıq missiyasından ətraflı məlumat veriblər. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəni parçalanma və vətəndaş müharibəsi təhlükəsindən xilas edərək, milli birliyin və sabitliyin təmin olunmasında həlledici rol oynamışdır.
Sonda Milli Qurtuluş Gününə həsr olunmuş film nümayiş etdirilib.