Qusar rayonunda 3 Dekabr – "Beynəlxalq Əlilliyi olan Şəxslər Günü" münasibətilə Qarabağ müharibəsi əlilləri ilə görüş keçirilib
04 dekabr 2025 | 08:59
1992-ci il oktyabrın 14-də əlilliyi olan bütün insanların hüquqlarını qorumaq, onların sosial müdafiəsinin gücləndirilməsi, cəmiyyətə inteqrasiyası məqsədilə BMT Baş Assambleyasının qərarı ilə dekabrın 3-ü “Beynəlxalq Əlilliyi olan Şəxslər Günü” olaraq təsis olunmuşdur. Azərbaycan da BMT Baş Assambleyası tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya qoşulmuşdur. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Dekabrın 3-də Qusar rayonunda 3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə Qarabağ müharibəsi əlilləri ilə görüş keçirilmişdir. Görüş Ümummilli Lider Heydər Əliyev və Respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və 44 günlük Vətən müharibəsində qazanılmış parlaq qələbə, şəhid ailələri və müharibə əlillərinə göstərilən dövlət qayğısı barədə məlumatları əks etdirən film nümayiş etdirilmişdir.
Tədbir çərçivəsində iştirakçılara dövlət tərəfindən şəhid ailələri və müharibə əlillərinin rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən kompleks tədbirlər barədə məlumat verilmişdir. Qeyd edilib ki, bu kateqoriyadan olan şəxslərə dövlət tərəfindən mənzil və fərdi evlərin verilməsi, sosial ödənişlərin artırılması, reabilitasiya xidmətlərinin genişləndirilməsi və müalicə prosesinin dövlət hesabına təmin edilməsi onların rifah halının yüksəldilməsinə xidmət edir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bu istiqamətdə həyata keçirilən genişmiqyaslı dövlət sosial proqramları Qusar rayonunda da ardıcıl icra olunur. Şəhid ailələri və müharibə iştirakçılarına mütəmadi şəkildə maddi yardımlar göstərilir, şəhidlərimizin qəbirləri ziyarət edilir, ailələri mütəmadi qaydada ziyarət olunur, onların mövcud qayğı və problemləri ilə yaxından maraqlanılır və həlli istiqamətində zəruri tədbirlər görülür.
Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyətinin başçısı Sahir Məmmədxanov Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə müharibə əlillərini təbrik edib, onların Vətən uğrunda göstərdikləri igidliyin dövlət və cəmiyyət tərəfindən hər zaman yüksək qiymətləndirildiyini vurğulayıb. Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan sosial dövlət siyasəti bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Bu siyasət çərçivəsində ölkəmizdə müharibə əlilləri və şəhid ailələrinin sosial təminatının gücləndirilməsi, reabilitasiya və məşğulluq imkanlarının artırılması istiqamətində mühüm layihələr həyata keçirilir. Qusar rayonunda da bu dövlət xətti ardıcıl icra olunur və müharibə əlilləri, şəhid ailələri və digər həssas qrupa aid olan şəxslər daim diqqət mərkəzində saxlanılır. İcra başçısı vurğulayıb ki, bu istiqamətdə görülən işlərin davamı olaraq Qusar rayonunun Balaqusar nümayəndəliyi ərazisində şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulmuş, ümumilikdə 112 mənzildən ibarət olan iki ədəd beş mərtəbəli yaşayış binasının tikintisinə başlanılmışdır. Bu istiqamətdə tədbirlər gələcəkdə də ardıcıl şəkildə davam etdiriləcək.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov müharibə əlillərini təbrik edib, ölkəmizdə əlilliyi olan şəxslərin dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu, onların rifah halının yaxşılaşdırılması və problemlərinin həllinin həmişə diqqət mərkəzində saxlanıldığını diqqətə çatdırmışdır. Qeyd edilib ki, ölkəmizdə bu kateqoriyadan olan şəxslərin işlə təminatı, təhsil almaq imkanı, tibbi xidmətlərə çıxışın artırılması istiqamətində mühüm işlər görülür.
Birinci Qarabağ müharibəsi və Horadiz əməliyyatının iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli polkovnik Şair Ramaldanov nitqində bildirib ki, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı parlaq Zəfər dövlət başçımızın qətiyyətli iradəsi, şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin fədakarlığı sayəsində qazanılmışdır. Polkovnik vurğulayıb ki, müharibə iştirakçılarına göstərilən dövlət dəstəyi yalnız sosial proqramlarla məhdudlaşmır, eyni zamanda onların cəmiyyətdə layiqli yer tutmasına yönələn geniş strateji xəttin tərkib hissəsidir. Qeyd edilib ki, bu gün ölkədə aparılan hərtərəfli sosial islahatlar, xüsusilə müharibə əlillərinin reabilitasiyası, məşğulluğu və onlara psixoloji dəstək göstərilməsi istiqamətində atılan addımlar onların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir.
İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən müharibəsi qəhrəmanı, mayor Renat Şıxnəbiyev
çıxışında şəhidlərimizin ruhuna ehtiramını ifadə edərək onların xatirəsinin daim yaşadılmasının vacibliyini vurğulayıb. O bildirib ki, şəhid ailələri və qazilərə göstərilən dövlət dəstəyi Azərbaycan dövlətinin dəyişməz prioritetidir və bu sahədə geniş sosial proqramlar həyata keçirilir.
Birinci Qarabağ müharibəsi iştirakçıları: Qusar şəhər Bələdiyyəsinin sədri Təlim Yarmətov və qəhrəman Azərbaycan qadını Səmayə Bədəlova, Vətən müharibəsi əlili İlkin Abuyev, qazi Volodya Maverdiyev əlilliyi olan şəxslərin sosial rifahının yaxşılaşdırılması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən silsilə tədbirlərdən, onların cəmiyyətin həyatında bərabərhüquqlu iştirakının təmin edilməsi məqsədilə icra olunan layihələrdən danışıblar. Müharibə iştirakçıları onlara göstərilən diqqət və qayğıya, eləcə də tədbirin yüksək səviyyədə təşkilinə görə rayon rəhbərliyinə, həmçinin müharibə əlilləri və şəhid ailələrinə göstərilən ardıcıl dövlət dəstəyinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
Tədbir çərçivəsində çıxışlarla yanaşı Qusar Rayon Mədəniyyət Mərkəzinin və Qusar Dövlət Ləzgi Teatrının əməkdaşları - mədəniyyət nümayəndələri və bədii özfəaliyyət kollektivləri tərəfindən musiqi nömrələri, rəqs kompozisiyaları və səhnəciklər təqdim olunub. Bədii-musiqili proqram tədbirə xüsusi rəng qatıb və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.






