Qusar rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü və 10 Mart – Milli Teatr Günü münasibətilə tədbir keçirilib
07 mart 2026 | 08:35
Tədbir Qusar Rayon Mədəniyyət Mərkəzində baş tutub. Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov, RİH Başçısı Aparatının məsul şəxsləri, bir sıra idarə və müəssisələrin rəhbərləri və xanım əməkdaşları, şəhid ailələrinin xanım üzvləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Qusar Rayon İcra Hakimiyyətinin başçısının 8 Mart – Beynəlxalq Qadınlar Günü və 10 Mart – Milli Teatr Günü münasibətilə təbriki səsləndirilib.
Tədbirin bədii hissəsində Qusar Dövlət Ləzgi Dram Teatrının aktyor heyətinin iştirakı ilə bədii-musiqili konsert proqramı təqdim olunub. Teatrın aktyor truppası tərəfindən müxtəlif səhnəciklər nümayiş etdirilib, incəsənət nümayəndələri tərəfindən musiqi nömrələri ifa olunub, rəqs kollektivləri tərəfindən isə milli və digər rəqs nümunələri təqdim edilib. Səhnə quruluşunun rəngarəngliyi, canlı ifalar və aktyorların peşəkar səhnə oyunu tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Tədbirin sonunda 10 Mart – Milli Teatr Günü münasibətilə Qusar Dövlət Ləzgi Dram Teatrının aktyorlarına hədiyyələr təqdim olunub.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov bütün xanımları, o cümlədən şəhid ailələrinin xanım üzvlərini 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək onlara möhkəm cansağlığı və xoşbəxtlik arzulayıb. Rayon rəhbəri, həmçinin tədbirin yüksək səviyyədə təşkilinə görə Qusar Dövlət Ləzgi Dram Teatrının direktoru başda olmaqla teatrın bütün kollektivinə təşəkkürünü bildirib, teatr kollektivini 10 Mart – Milli Teatr Günü münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar və yeni yaradıcılıq nailiyyətləri arzulayıb, teatr kollektivinə xatirə olaraq simvolik hədiyyə təqdim edib.
Rayon icra hakimiyyətinin başçısı şəhid ailələrinin üzvləri ilə həmsöhbət olub, onların qayğıları ilə maraqlanıb. Sonda xatirə şəkli çəkdirilib.






