Qusar rayonunda 8 Noyabr – Zəfər Günü və 9 Noyabr Dövlət Bayrağı Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
08 noyabr 2026 | 17:00
8 Noyabr – Zəfər Günü ilə əlaqədar olaraq rayonun idarə və müəssisələrində, təhsil və mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib. Bu tədbirlərin əsas məqsədi 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin əhəmiyyətini gənc nəslə çatdırmaq, şəhidlərimizin xatirəsini ehtiramla yad etmək və Zəfər ruhunu yaşatmaq olub.
Noyabrın 7-də Qusar Rayon Heydər Əliyev Mərkəzində “Yaşasın azad, müstəqil, bütöv Azərbaycan!” başlığı altında tədbir keçirilib. Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan igid oğulların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə RİHB Aparatının əməkdaşı Röyalə Nəsirli Səfərbəyova, Heydər Əliyev Mərkəzinin direktoru Fatimə Zülfüqarova, Mərkəzin əməkdaşı Lalə Kərimova, şəhər 3 saylı tam orta ümumtəhsil məktəbinin müəllimi Telli Davudova, şəhid anaları, qazilər, şəhid övladları və məktəbin şagirdləri iştirak ediblər. Çıxış edənlər Zəfər Gününün xalqımız üçün tarixi əhəmiyyətindən danışıb, şəhid anaları şəhid övladları ilə bağlı xatirələrini bölüşüblər. Şagirdlərin ifasında vətənpərvərlik ruhlu şeirlər səsləndirilib.
Noyabrın 5-də Qusar rayonu üzrə gənclər və idman sektorunun və şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə “Qalib ölkənin qalib gəncləri” adlı tədbir keçirilib.Tədbirdə əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, mövzu ilə bağlı çıxışlar dinlənilib. Sonda “Zəfər meydanı” adlı sənədli film nümayiş etdirilib.
Qusar Rayon Mədəniyyət Mərkəzinin kənd klub filiallarında və Rayon Mərkəzi Kitabxanasının kitabxana filiallarında da Zəfər Günü ilə bağlı tədbirlər keçirilib, ədəbi-bədii kompozisiyalar və sərgilər təşkil olunub. Sərgilərdə Zəfər Gününə, şəhidlərimizin həyat və döyüş yoluna həsr olunmuş kitablar, məqalələr və rəsm əsərləri nümayiş etdirilib. Həmçinin rayonun ümumtəhsil müəssisələrində də belə maarifləndirici tədbirlər keçirilib. Şagirdlərə 44 günlük müharibənin tarixi əhəmiyyəti, qazanılan parlaq qələbə, şəhidlərimizin həyat və döyüş yolu haqqında ətraflı məlumat verilib.
Həmçinin, mədəniyyət və təhsil müəssisələrinin kollektivləri tərəfindən Şəhidlər Xiyabanı və şəhidlərin məzarları ziyarət edilib.






