Qusar rayonunda 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə ümumtəhsil müəssisələrində silsilə tədbirlər təşkil olunub
04 noyabr 2026 | 18:08
Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış şanlı Zəfərin təbliği və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə Qusar şəhər 4 və 3 nömrəli tam orta ümumtəhsil məktəblərində maarifləndirici tədbirlər keçirilib.
Şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən “Zəfərimiz” adlı tədbirdə Azərbaycanın Zəfər tarixi, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi sarsılmaz birlik, həmrəylik və qəhrəmanlıq nümunələri barədə ətraflı məlumat verilib. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə xalqımızın çoxəsrlik tarixinin ən parlaq səhifəsidir.
Tədbirdə şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
Qusar şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbinin 10 “a” sinfində tarix dərsi 8 Noyabr – Zəfər Gününə həsr olunub. Dərsə fəxri qonaq qismində 44 günlük Vətən müharibəsi iştirakçısı, qazi Nəcməddin Təhməzov dəvət olunub.
Qazi 44 günlük Vətən müharibəsi ilə bağlı xatirələrini şagirdlərlə bölüşüb. Vurğulanıb ki, 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində 30 ilə yaxın müddət ərzində düşmən tapdağı altında olan torpaqlarımız rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edildi. Bu Qələbə ilə Azərbaycan Ordusu öz adını təkcə ölkə hərb tarixinə deyil, dünya hərb tarixinə qızıl hərflərlə yazdı. “Biz bu Böyük Qələbəni Prezident İlham Əliyevin prinsipial mövqeyi, Ordumuzun yenilməz iradəsi, Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə etməsi və aparılan məqsədyönlü, ardıcıl siyasət nəticəsində əldə etdik. Məhz Ali Baş Komandanın qətiyyəti və xalq-ordu birliyi bizə tarixi ədaləti bərpa etmək imkanı verdi”, deyə qazi nitqində bildirib.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.






