Qusar rayonunda abadlıq-quruculuq işləri davam etdirilir
14 noyabr 2024 | 14:19
Qusar rayonunda aparılan abadlıq-quruculuq işləri çərçivəsində parkların, yolların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı təmiri işləri davam etdirilir. Qusar şəhər əhalisinin sevimli istirahət yeri olan Nəriman Nərimanov parkında təmir işləri davam etdirilir. Belə ki, park ərazisində yeniyetmələrin və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi, uşaqların əyləncəsinin təşkili məqsədilə idman qurğuları və xüsusi əyləncə avadanlıqlarından ibarət meydança quraşdırılır, su fontanı yenilənir, ərazidə təmizlik işləri aparılaraq səliqə-səhman yaradılır.
Qusar RİH başçısının sakinlərlə keçirdiyi görüşlər zamanı səsləndirilən müraciətlər nəzərə alınaraq, şəhər küçələrinin asfaltlanması, habelə abadlaşdırılması işləri aparılır. Rayon 3 nömrəli məktəbin arxasında yerləşən məhəlləyə gedən adsız küçənin asfaltlanması işləri başa çatıb, Tarıqulu Əmiraslanov küçəsində işlər davam etdirilir. Bu cari ildə asfalt örtüyü çəkilən 8-ci küçədir.
Son aylarda Səməd Vurğun, Rövşən Nurullayev, Ləzgi Nemət, C.Azayev, Cavanşir, Nəcəf Balaqadaşov küçələrinin asfaltlanması işləri görülmüşdür. Təmir-bərpa işləri planlaşdırılarkən, əsasən daha çox əhalinin yaşadığı, torpaq və çınqıl örtüklü, uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan yolların təmirinə üstünlük verilir. Cari ildə Asəf Mehman küçəsinin də asfaltlaşdırılması nəzərdə tutulmuşdur.
Vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də işlər davam etdirilir. Qusar rayonunun H.Əliyev prospektində yerləşən 146 saylı çoxmənzilli yaşayış binasının dam örtüyünün əsaslı təmirinə başlanılmışdır. Binanın dam örtüyünün təmiri nəzərdə tutulan 1350 m2 –dən hələlik təxminən 450 m2 –i yenilənib.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayon ərazisində abadlıq, quruculuq və təmir işləri davam etdirilir.