Qusar rayonunda Anım günü qeyd olundu.
Ölkə Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olan 27 Sentyabr - Anım Günü ölkəmizin hər yerində olduğu kimi Qusar rayonunda da qeyd olunub. Tədbir şəhidlər xiyabanının ziyarəti ilə başlamışdır. Anım günündə Qusar rayon İcra Hakimiyyətinin Başçısı cənab Şair Alxasov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak etmişdir. Şəhidlərin məzarı üzərinə gül dəstələri düzülmüş, ruhuna dualar oxunmuş, əziz xatirələri bir daha yad olunmuşdur. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə hər kəsin fəxr etdiyini, qürur duyduğunu bildirib. Müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca şəhidlərimizin də qəlblərdə daim əbədi yaşayacağını qeyd etmişdir. Daha sonra çıxış edən Vətən müharibəsi əlili İlkin Abuyev şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına öz minnətdarlığını bildirmişdir. Anım günü ilə əlaqədar rayon ərazisində ağacəkmə aksiyası keçirilmişdir.Aksiya zamanı rayon əraziində 500 ədəd müxtəlif növ ağac əkilmişdir. Saat 12:00-da ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.