Qusar rayonunda aqrar sahənin inkişafı diqqət mərkəzindədir
04 noyabr 2025 | 10:57
Qusar rayonu kənd təsərrüfatı yönümlü region kimi ölkəmizin aqrar potensialının inkişafına mühüm töhfə verir. Son illərdə dövlətin kənd təsərrüfatı siyasətinin yerli səviyyədə ardıcıl və məqsədyönlü icrası nəticəsində rayonda aqrar istehsalın həcmi artmış, yeni təsərrüfat subyektləri formalaşmış, müasir texnologiyaların tətbiqi genişlənmişdir.
Noyabrın 3-də RİH başçısı vəzifəsini müvəqqəti icra edən, Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov Qusar Dövlət Aqrar İnkişaf Mərkəzində olmuşdur. Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyev və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Şahid Fərəməzov 1 noyabr – Kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə kollektiv üzvlərini səmimi qəlbdən təbrik etmiş və onlara fəaliyyətlərində uğurlar arzulamışdır. Şahid Fərəməzov qeyd edib ki, bütün ölkə üzrə olduğu kimi, Qusar rayonunda da aqrar sahənin inkişafı, bu sahənin iqtisadi, texnoloji inkişaf mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin icrası aqrar sahənin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymasına təkan verib.
Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rauf Minhacov rayon rəhbərliyinə kənd təsərrüfatı sahəsinə göstərilən daimi diqqət və qayğıya görə təşəkkürünü bildirmişdir.
Sahə və xidmət rəhbərləri öz çıxışlarında mövcud vəziyyət, görülmüş işlər və qarşıda duran vəzifələr, rayon üzrə aqrar sahədə əldə olunmuş nəticələr barədə məlumat vermişlər.






