Qusar rayonunda arıçılıq sahəsində mövcud problemlərin yerində araşdırılması məqsədilə aidiyyəti qurumların iştirakı ilə görüşlər keçirilmişdir
23 aprel 2026 | 14:04
Qusar rayonu ərazisində fəaliyyət göstərən arıçıların üzləşdikləri problemlərin dinlənilməsi, onların həlli istiqamətində zəruri tədbirlərin müəyyən edilməsi, habelə gələcəkdə yarana biləcək çətinliklərin qarşısının alınması məqsədilə aidiyyəti qurumlar tərəfindən kompleks tədbirlər həyata keçirilməkdədir. Bununla yanaşı, Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanovun kəndlərdə keçirdiyi səyyar vətəndaş qəbullarında da arıçılıq sahəsində mövcud problemlər və vətəndaşlar tərəfindən qaldırılan məsələlər diqqət mərkəzində saxlanılır, həmin müraciətlərin operativ şəkildə araşdırılması və icrası təmin edilir.
Bu çərçivədə, qeyd olunan məsələlərin yerində araşdırılması, arıçıların qarşılaşdıqları çətinliklərin ətraflı öyrənilməsi və müvafiq qurumlar arasında koordinasiyanın gücləndirilməsi məqsədilə 22 aprel 2026-cı il tarixində Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin təşkilatçılığı ilə rayonun Şirvanlı, İmamqulukənd və Həzrə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində və ətraf yaşayış məntəqələrində fəaliyyət göstərən arıçılar və bağçılıq təsərrüfatlarının rəhbərləri ilə geniş tərkibli görüşlər keçirilmişdir. Görüşlərdə rayonun Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin, Bitki Mühafizəsi və Fumigasiya Mərkəzinin, Qida Təhlükəsizliyi Agentliyinin Xaçmaz regional bölməsinin nümayəndələri, eləcə də müvafiq inzibati ərazi dairələri üzrə icra nümayəndələri iştirak etmişdir.
Keçirilən görüşlər zamanı arıçı fermerlərlə ətraflı izahedici söhbətlər aparılmış, arı ailələrinin sağlamlığının qorunması, xəstəliklərin vaxtında aşkar edilməsi və profilaktik tədbirlərin görülməsi, mövsümi qulluq qaydaları, yemləmə və düzgün saxlanma şəraiti barədə ətraflı məlumat verilmişdir. Eyni zamanda, pestisid və digər kimyəvi maddələrin istifadəsi zamanı arıçılıq təsərrüfatlarına dəyən ziyanın qarşısının alınması üçün bağçılıqla məşğul olan təsərrüfat subyektləri ilə qarşılıqlı məlumatlandırma və əməkdaşlıq mexanizmlərinin tətbiqinin vacibliyi xüsusi vurğulanmışdır.
Bununla yanaşı, bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi zamanı istifadə olunan preparatların tətbiq vaxtının düzgün seçilməsi, arıların aktiv uçuş saatlarında kimyəvi dərmanlamanın aparılmaması, bu barədə arıçıların əvvəlcədən məlumatlandırılması kimi mühüm məsələlər müzakirə edilmiş və bu sahədə nəzarətin gücləndirilməsi tövsiyə olunmuşdur. Aidiyyəti qurumların nümayəndələri tərəfindən fermerlərə qanunvericiliyin tələbləri izah edilmiş, onların hüquq və vəzifələri barədə geniş məlumat verilmişdir.
Görüşlər zamanı arıçıların üzləşdikləri əsas çətinliklər – arı ailələrinin tələf olması, yem bazasının zəifliyi, dərman preparatlarının əldə olunmasında çətinliklər, bazara çıxış və məhsul satışı ilə bağlı problemlər dinlənilmiş, bu məsələlərin həlli istiqamətində müvafiq qeydlər aparılmışdır. Bəzi problemlərlə bağlı yerində izahatlar verilmiş, digərləri isə qeydiyyata alınmışdır. Arıçılıq sahəsinin inkişafı ilə bağlı fermerlərə ümumi tövsiyələr verilmiş, dövlət dəstəyi mexanizmləri barədə məlumat çatdırılmış və bu sahənin inkişafı istiqamətində tədbirlərin davam etdiriləcəyi qeyd edilmişdir.






