Qusar rayonunda "Azərbaycançılıq ideologiyası multikultural və mənəvi dəyərlər sistemində"mövzusunda konfrans keçirilib
6 noyabr 2024-cü ildə rayon Heydər Əliyev Mərkəzində 8 noyabr Zəfər gününə həsr olunmuş konfrans keçirilib. Konfransın işində Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Milli Məclisin deputatı Azər Badamov, YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, idarə, müəssisə rəhbərləri, Vətən müharibəsi qaziləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir öncəsi Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb. Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyev və ölkəmizin suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən RİH başçısı Sahir Məmmədxanov Azərbaycan müstəqillik əldə etdikdən sonra azərbaycançılığın ardıcıl ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan soydaşlarımız üçün əsas ideya olduğunu qeyd edib, nadir dövlətçilik təcrübəsi və fitri istedadı, iti zəkası sayəsində müasir Azərbaycanı yaradan, onu gələcəyə aparacaq strateji istiqamətləri müəyyənləşdirən Heydər Əliyevin azərbaycançılıq ideyalarını dönmədən həyata keçirməsi nəticəsində Respublikamız bir dövlət kimi zamanın sərt və ağır sınaqlarından çıxmış, dönməz siyasi-ictimai sabitliyə nail olmaqla qanunun aliliyinə tam təminat verən vətəndaş cəmiyyətini formalaşdırdığını vurğulayıb. RİH başçısı Qusar rayon əhalisinin də hər zaman dahi şəxsiyyət Heydər Əliyevin qayğısının şahidi olduğunu, bu gün onun uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, 44 günlük Vətən müharibəsində qazandığımız parlaq qələbənin məhz bunun bariz nümunəsi olduğunu dilə gətirib.
Milli Məclisin deputatı Azər Badamov milli-mənəvi dəyərlərin dövlət müstəvisində qorunması və inkişafından danışaraq qeyd edib ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan milli birlik Vətən müharibəsində qazandığımız qələbənin əsasını təşkil edir. Qeyd olunub ki, tarixin müxtəlif dövrlərində ağır sınaqlardan keçən milli-mənəvi dəyərlərin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi vacib amildir.
YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov nitqində bildirib ki, azərbaycançılıq ideologiyasının tərkib hissəsi olan milli-mənəvi dəyərlərin inkişafı böyük əhəmiyyət kəsb edir. Bu ideologiyanın təməlində milli-mənəvi dəyərlər, adət-ənənələr, Vətən sevgisi, dövlətə sədaqət, birgəyaşayış və mədəni müxtəliflik dayanır.
Daha sonra çıxış edən YAP Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanova, Heydər Əliyev Mərkəzinin əməkdaşı Lamiyə Abdullayeva, fəal gənc Nurvin Rəhimov bildiriblər ki, Ümummilli Liderin müəllifi olduğu, sistemləşdirdiyi azərbaycançılıq ideologiyası təkcə bu ölkənin ərazisində yaşayan insanları yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrilib.
Tədbirdə həmçinin 44 günlük Vətən müharibəsində əldə olunmuş qələbəyə həsr olunmuş "Zəfər yolu" adlı film nümayiş olunmuş və sərgiyə baxış keçirilmişdir.