Qusar rayonunda Azərbaycanın tarixi Zəfərinin 5 illiyi ərəfəsində “Ağlama, qərənfil” adlı tədbir keçirilmişdir
04 noyabr 2025 | 09:57
Azərbaycanın tarixi Zəfərinin 5 illiyi ərəfəsində, oktyabrın 31-də Qusar rayonunun ictimai həyatında fəallığı ilə seçilən qadınlar, şəhid anaları, şəhid xanımları və ictimai fəallar “Ağlama, qərənfil” devizi altında bir araya gəliblər.
Tədbirin rəsmi hissəsində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanova tədbir iştirakçılarına Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun salamlarını çatdırıb. O, çıxışında Vətən müharibəsində qazanılmış şanlı Qələbədən, igid Azərbaycan oğullarının Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qədim Qarabağ torpaqlarını azad etməsindən danışıb:
"Biz artıq qalib ölkənin qalib vətəndaşlarıyıq və uzun illərdir üzərimizə çökmüş matəm ab-havasından çıxmağın zamanı çatıb,” – deyə Neva Abdurahmanova qeyd edib.
Tədbirdə şəhid ailələrinin nümayəndələri də çıxış edərək, tədbirin yüksək səviyyədə təşkilindən məmnunluqlarını bildirərək, dövlətimizin hərtərəfli qayğısını və diqqətini hər addımda hiss etdiklərini bildiriblər.
Tədbir çərçivəsində şəhid Tural Əhmədovun anası Elza Əhmədova oğluna həsr etdiyi şeiri səsləndirib. Onun səmimi və duyğulu çıxışı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.






