Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda baş tutacaq 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasına hazırlıq işləri müzakirə olunub

22 iyul 2026 | 16:33
Qusar rayonunda baş tutacaq 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasına hazırlıq işləri müzakirə olunub
Qusar rayonunda digər idman növləri ilə yanaşı, intellektual idman növü olan şahmatın da gənclər və yeniyetmələr arasında kütləviləşdirilməsi, istedadlı gənclərin aşkarlanaraq peşəkar şəkildə yetişdirilməsi istiqamətində məqsədyönlü işlər aparılır. Cari ilin may ayında “ISFA” şirkətinin maliyyə dəstəyi ilə rayonda “ISFA Sporting” şahmat məktəbinin açılışı olub. Məktəbdə müasir tədris proqramları əsasında dərslər təşkil olunur, təcrübəli məşqçilər tərəfindən yeniyetmələrin nəzəri və praktiki hazırlığı həyata keçirilir. “ISFA Sporting” şahmat məktəbinin fəaliyyəti rayonda şahmata marağın artmasına və yeni nəslin intellektual inkişafına mühüm töhfə verir.
Bu istiqamətdə növbəti genişmiqyaslı tədbir avqust ayında baş tutacaq. Belə ki, 3-11 avqust tarixlərində Qusar Olimpiya İdman Kompleksində Azərbaycan Şahmat Federasiyası və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadası keçiriləcək. Olimpiadada ölkənin müxtəlif şəhər və rayonlarından çoxsaylı komandaların iştirakı gözlənilir. Yarışlar A və B qrupları üzrə 11 turdan ibarət olacaq. A qrupunda 2010-2015-ci il təvəllüdlü (11-16 yaşlı) şahmatçılar, B qrupunda isə 2016-cı il təvəllüdlü və daha kiçik (10 yaş və daha kiçik yaşlı) şahmatçılar mübarizə aparacaqlar. Yarışın nəticələrinə əsasən şəxsi hesabda I, II, III yerləri tutmuş şahmatçılar və komanda hesabında I, II, III yerləri tutmuş komandalar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin diplom və medalları ilə təltif olunacaqlar. Bundan əlavə, A və B qrupları üzrə qalib komandalar Azərbaycan Şahmat Federasiyası tərəfindən kubokla mükafatlandırılacaqlar. Eyni zamanda, olimpiadanın ümumi qalibi olan 1 oğlan və 1 qız şahmatçı Avropa çempionatına ezam olunacaq. Qaliblər, həmçinin Federasiya tərəfindən müvafiq pul mükafatları ilə də təltif ediləcəklər.
Yarışın yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə Qusar Rayon İcra Hakimiyyəti yanında xüsusi qərargah yaradılıb. İyulun 21-də Qusar Rayon İcra Hakimiyyətində qərargah üzvləri ilə görüş keçirilib. Görüşdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, həmçinin Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, yarışların baş hakimi Azər İbrahimov və digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər. Görüşdə olimpiadaya hazırlıq işlərinin gedişatı, iştirakçıların yerləşdirilməsi, yarış məkanının hazırlığı, təhlükəsizliyin təşkili, nəqliyyat, tibbi xidmət və digər zəruri istiqamətlər üzrə görüləcək işlər geniş müzakirə olunub. Vurğulanıb ki, bütün təşkilati məsələlər vaxtında və keyfiyyətlə həll edilməli, qonaqlar üçün lazımi şərait yaradılmalıdır. Rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov bildirib ki, belə mötəbər yarışın Qusarda keçirilməsi rayonun idman infrastrukturunun imkanlarını nümayiş etdirəcək, bölgələrarası əlaqələrin möhkəmlənməsinə və yeniyetmələr arasında sağlam rəqabət mühitinin formalaşmasına xidmət edəcək.
Keçidlər