Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda cari ilin suvarma mövsümünə hazırlıq vəziyyəti müzakirə edilib

01 may 2026 | 10:28

Aprelin 30-da Qusar Rayon İcra Hakimiyyətində 2026-cı ilin suvarma mövsümünə hazırlığın vəziyyəti müzakirə olunub. Qusar Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəisinin və Sudan İstifadəedənlər Birliklərinin rəhbərlərinin iştirakı ilə keçirilən iclasa Qusar Rayon İcra Hakimiyyəti başçısının I müavini Şahid Fərəməzov iclasa sədrlik edib.
İclası giriş sözü ilə açan Şahid Fərəməzov rayonda yağıntılı hava şəraiti ilə əlaqədar yaranmış fəsadların aradan qaldırılması istiqamətində görülən işlər və su təsərrüfatının mövsümə hazırlığı barədə ümumi məlumat verib. Bildirib ki, cari ilin 27-28 mart və 4-5 aprel tarixlərində rayon ərazisində müşahidə olunmuş güclü yağışlar bir sıra fəsadlara səbəb olmuşdur. Yaranmış fəsadlar operativ şəkildə aradan qaldırılmış, zəruri bərpa işləri davam etdirilir. Şahid Fərəməzov Rayon İcra Hakimiyyətinə daxil olmuş analitik arayışa istinad edərək bir sıra statistik göstəriciləri diqqətə çatdırıb. Qeyd olunub ki, cari ilin birinci rübündə Quba-Xaçmaz bölgəsinə aylıq normanın 123 faizi qədər yağıntı düşüb. Ötən ilin müvafiq dövründə isə bu göstərici cəmi 65 faiz təşkil edib. Eyni zamanda, Qusarçay, Qudyalçay və Vəlvələçay hövzələrində qarda olan su ehtiyatı normanın 96 faizini təşkil etdiyi, bunun da keçən illə müqayisədə 2,7 dəfə çox olduğu vurğulanıb. Şahid Fərəməzov qeyd edib ki, 2026-cı ildə Quba-Xaçmaz bölgəsi çaylarında sululuğun çoxillik normanın 95-115 faizini təşkil edəcəyi gözlənilir. Bu isə suvarma mövsümündə su təminatının əlverişli olacağından xəbər verir.
İclasda həmçinin cari ilin mart və aprel aylarında rayonda müşahidə olunmuş sel və daşqınlardan sonra su kanallarının, suvarma arxlarının bərpası vəziyyəti, suvarma şəbəkəsinin təmizlənməsi işlərinin gedişi, su istifadəçiləri ilə müqavilələrin bağlanması və bildirişlərin verilməsi prosesi, eləcə də suvarma xidmətlərinə görə yaranmış debitor və kreditor borcların tənzimlənməsi məsələləri ətraflı müzakirə edilib.
Qusar Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəisi Məzahir Əzizov çıxış edərək bildirib ki, güclü yağışlar nəticəsində rayon ərazisində dağılmış hidrotexniki qurğular- suvarma kanalları və suötürücü sistemlərin bərpası istiqamətində zəruri işlər görülüb, suvarma sistemləri mövsümə hazır vəziyyətə gətirilib.
İclasda Sudan İstifadəedənlər Birliklərinin rəhbərləri mövsümə hazırlıqla bağlı görülən işlər və qarşılaşdıqları problemlər haqqında məlumat verib.
Şahid Fərəməzov bununla belə, Sudan İstifadəedənlər Birlikləri tərəfindən suvarma arxlarının təmizlənməsi prosesinin hələ də yekunlaşmadığını diqqətə çatdırıb. O, qar ehtiyatının çox olması səbəbindən ehtimal olunan sel risklərinə qarşı qabaqlayıcı tədbirlərin gücləndirilməsinin, su itkisinin minimuma endirilməsinin və əhalinin suvarma suyu ilə fasiləsiz təmin olunmasının vacibliyini xüsusi qeyd edib. Eyni zamanda, istehlak edilmiş suyun dəyərinin vaxtında ödənilməsinin və borcların minimuma endirilməsinin zəruriliyi vurğulanıb.

Keçidlər