Qusar rayonunda energetiklərin peşə bayramı qeyd edilib
20 oktyabr 2025 | 19:31
Oktyabrın 20-də Qusar Rayon Heydər Əliyev Mərkəzində energetiklərin peşə bayramına həsr olunmuş tədbir keçirilib. Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi, müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbiri giriş nitqi ilə açan Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı münasibətilə bütün energetikləri təbrik edib, onların ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynadığını vurğulayıb. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə energetika sektorunda həyata keçirilən islahatlar və infrastruktur layihələri ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasına, həmçinin bölgələrdə sosial rifahın yüksəldilməsinə xidmət edir. Aparılan islahatların uğurlu nəticəsidir ki, bu gün Azərbaycan nəinki elektrik enerjisinə olan ölkə daxili tələbatını ödəyir, hətta regionda etibarlı elektrik enerjisi ixracatçısına çevrilmişdir. Bu uğurların əldə edilməsində “Azərişıq” ASC əməkdaşlarının da xüsusi xidmətləri vardır.
Rayon rəhbəri bildirib ki, son illərdə Qusar rayonunda da enerji təminatının yaxşılaşdırılması və dayanıqlı enerji infrastrukturunun qurulması istiqamətində ardıcıl tədbirlər görülüb və davam etdirilməkdədir. İcra başçısı çıxışında rayon ərazisində son dövrdə elektrik enerjisi təchizatı və digər sahələrdə görülmüş işlərlə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin “Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsi”nin Qusar Elektrik Şəbəkəsinin rəisi Elxan Alıyev və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Xaçmaz Regional Elektrik Şəbəkəsi” MMC-nin Quba-Qusar Şəbəkə sahəsinin rəisi Rəcbər Səfərov başda rayon rəhbərliyi olmaqla, tədbirin bütün təşkilatçılarına minnətdarlıqlarını ifadə ediblər. Onlar bildiriblər ki, son illərdə ölkəmizdə energetika sahəsində həyata keçirilən islahatlar, müasir infrastrukturun yaradılması istiqamətində görülən işlər regionların dayanıqlı enerji təminatını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Qeyd olunub ki, vətəndaşların fasiləsiz enerji ilə təchizatı istiqamətində qarşıya qoyulan vəzifələrin icrası üçün bütün zəruri tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
Tədbirdə çıxış edən Qusar Elektrik Şəbəkəsinin istismar üzrə mühəndisi Səfər Əhmədov onlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib, dövlətin və rayon rəhbərliyinin etimadının hər bir energetik üçün həm böyük məsuliyyət, həm də gələcək fəaliyyətlərində stimul mənbəyi olduğunu qeyd edib. Gələcəkdə də onlara olan bu etimadı doğrultmaq və qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə icrası üçün çalışacaqlarını bildirib.






