Qusar rayonunda fəaliyyət göstərən bir sıra dövlət qurumları ilə bələdiyyələrin qarşılıqlı əməkdaşlığına dair seminar-müşavirə keçirilib
05 mart 2026 | 18:00
Martın 4-də Qusar Rayon İcra Hakimiyyətində “Rayon ərazisində fəaliyyət göstərən dövlət qurumları ilə bələdiyyələrin qarşılıqlı əməkdaşlığı və bələdiyyələrin qarşılaşdığı problemlər: əsas çətinliklər və onların həlli yolları” mövzusunda seminar-müşavirə keçirilib. Seminar-müşavirədə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH Başçısı Aparatının məsul şəxsləri, Xaçmaz Regional Ədliyyə İdarəsinin rəisi Qədir Paşayev, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin rəisi Qərib Həsənov, Əmlak Məsələləri Xidmətinin Xaçmaz Ərazi Şöbəsinin sektor müdiri Hacılar Yusifov, Qusar Rayon İcra və Probasiya Şöbəsinin rəisi Elçin Hacıyev, qiymətləndirmə sahəsində fəaliyyət göstərən “Arfin” MMC-nin baş mühəndisi Ramin Surxayev, həmçinin yerli bələdiyyə sədrləri iştirak etmişdir.
Seminar-müşavirədə dövlət qurumları ilə bələdiyyələr arasında əməkdaşlığın gücləndirilməsi, yerli özünüidarəetmə orqanlarının fəaliyyətində qarşıya çıxan mövcud çətinliklərin müəyyənləşdirilməsi və onların aradan qaldırılması istiqamətində həyata keçirilə biləcək tədbirlər geniş şəkildə müzakirə olunub. Xüsusilə, torpaq münasibətlərinin hüquqi tənzimlənməsi, torpaq uçotunun aparılması, daşınmaz əmlakın dövlət qeydiyyatı və kadastr məlumatlarının dəqiqləşdirilməsi, bələdiyyələrin maliyyə imkanlarının genişləndirilməsi, yerli büdcə gəlirlərinin formalaşdırılması, bələdiyyə qərarlarının qanunvericiliyə uyğun hazırlanması və icra mexanizmlərinin səmərəliliyinin artırılması kimi məsələlər diqqət mərkəzində olub. Müşavirə zamanı bələdiyyələrin fəaliyyətində şəffaflığın və hesabatlılığın gücləndirilməsi, vətəndaş müraciətlərinə operativ və qanunvericiliyə uyğun baxılması, dövlət qurumları ilə informasiya mübadiləsinin daha effektiv şəkildə təşkili və qarşılıqlı koordinasiyanın artırılması zərurəti vurğulanıb.
Seminar-müşavirə çərçivəsində bələdiyyə sədrləri tərəfindən yerli özünüidarəetmə fəaliyyətində rast gəlinən çətinliklərin aradan qaldırılması istiqamətində təklif və tövsiyələr səsləndirilib.
Sonda qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi, hüquqi və metodiki dəstəyin artırılması, mövcud problemlərin mərhələli şəkildə həlli və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi istiqamətində birgə fəaliyyətin davam etdirilməsinin vacibliyi qeyd olunub.






