Qusar rayonunda genişmiqyaslı yaradıcı və innovativ tədbir keçirilib
12 mart 2026 | 18:32
Martın 12-də Qusar şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin şagirdlərinin iştirakı ilə genişmiqyaslı yaradıcı tədbir təşkil olunub.
Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi, onların potensialının üzə çıxarılması, milli-mənəvi dəyərlərə marağın artırılması, eləcə də müxtəlif peşə sahələri üzrə praktik bacarıqlarının nümayiş etdirilməsi olub. Tədbirdə region üzrə ümumtəhsil məktəblərinin şagirdləri, pedaqoji kollektivlər, eləcə də məktəbdənkənar təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Tədbirin açılış mərasimində çıxış edən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev iştirakçıları salamlayaraq onları qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, belə maarifləndirici və yaradıcı tədbirlərin keçirilməsinin şagirdlərin intellektual və yaradıcılıq potensialının inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb, gənclərin milli-mənəvi dəyərlərə bağlı ruhda yetişməsinin vacibliyini qeyd edib və tədbir iştirakçılarına uğurlar arzulayıb.
Daha sonra çıxış edən Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Ceyhun Hacıyev də tədbirin əhəmiyyətindən danışaraq bu kimi təşəbbüslərin şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsinə, onların yaradıcılıq imkanlarının genişləndirilməsinə və sağlam rəqabət mühitinin formalaşmasına mühüm töhfə verdiyini bildirib. Ceyhun Hacıyev tədbirin təşkilində əməyi olan şəxslərə təşəkkürünü ifadə edib, iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Rəsmi çıxışlardan sonra sərgiyə baxış keçirilib. Sərgidə şagirdlərin Novruz bayramı münasibətilə hazırladıqları əl işləri, rəsm əsərləri, dekorativ-tətbiqi sənət nümunələri, milli mətbəx nümunələri və digər yaradıcılıq işləri nümayiş olunub. Tədbirin maraqlı məqamlarından biri də milli adət-ənənələrə uyğun olaraq Novruz tonqalının alışdırılması olub.
Tədbir çərçivəsində müxtəlif istiqamətlər üzrə müsabiqə və yarışmalar da təşkil edilib. STEAM layihəsinin tətbiq olunduğu ümumtəhsil müəssisələrinin şagirdləri arasında keçirilmiş “TECH Novruz” adlı müsabiqənin final mərhələsi xüsusi maraqla qarşılanıb. Bu müsabiqə çərçivəsində iştirakçı komandalar öz innovativ layihələrini və ideyalarını təqdim ediblər. Təqdim olunan layihələr kreativlik, texniki icra səviyyəsi, funksionallıq və təqdimat bacarıqları kimi meyarlar əsasında qiymətləndirilib.
Bununla yanaşı, peşə təmayüllü siniflərdə təhsil alan şagirdlər arasında praktik bacarıqların nümayiş etdirilməsi məqsədilə qənnadçılıq, aşbazlıq və dərzi ixtisasları üzrə yarışlar keçirilib. Yarış iştirakçıları tərəfindən hazırlanan məhsullar hazırlanma texnikası, dad keyfiyyəti, təqdimat forması və estetik görünüş baxımından qiymətləndirilib. Dərzi ixtisası üzrə təqdim olunan işlər isə tikiş texnikası, səliqə və estetik görünüş meyarlarına əsasən dəyərləndirilib.
Tədbirdə həmçinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 5 məktəbdənkənar təhsil müəssisəsinin şagirdləri arasında keçirilmiş “Memarlıq və şəhərsalma” müsabiqəsinin final mərhələsinə vəsiqə qazanmış iştirakçıların əl işləri də nümayiş etdirilib.
Sonda keçirilən müsabiqə və yarışların qaliblərinə fəxri fərmanlar təqdim olunub.






