Qusar rayonunda güclü yağışların fəsadları aradan qaldırılır
06 aprel 2026 | 10:01
04–05 aprel 2026-cı il tarixlərində yağan güclü yağışlar Qusar rayonunda bir sıra fəsadlara səbəb olmuşdur. Bəzi yüksək dağlıq ərazilərdə-Laza və Sudur kəndlərində qar yağmışdır.
Belə ki, aramsız yağışlar nəticəsində rayonun Suvacal, Gündüzqala, Əniq və Mucuq kəndlərində yerləşən körpülər yararsız vəziyyətə düşmüşdür. Eyni zamanda, Yuxarı Tahircal, Zindanmuruq və Çətkün kəndlərinə gedən yollar bağlanmış, Kuzun, Əniq, Xuray, Cağar, Çətkün, Hil, Mucuq, Yuxarı Tahircal və Zuxul kəndlərinin daxili yolları sel suları tərəfindən yuyularaq yararsız hala düşmüşdür.
Aramsız yağışlar qaz və elektrik təsərrüfatına da ciddi ziyan vurmuşdur. Yuxarı Tahircal kəndində qaz xətlərinin zədələnməsi nəticəsində 83 abonentin, Gündüzqala kəndində isə diametri 57 mm olan qaz xəttinin qırılması səbəbindən 110 abonentin qaz təchizatı dayandırılmış, həmçinin 2 qaz sayğacı yararsız vəziyyətə düşmüşdür. Hil kəndində sel suları bir ədəd transformatoru aparmış, nəticədə 40 abonent işıqsız qalmışdır.
Gədəzeyxur və Bədişqala kəndlərində hərəsində bir fərdi yaşayış evinin birinci mərtəbəsini su basmışdır. Yasab kənd tam orta məktəbinin foyesi, idman zalı və ikinci mərtəbəsində yerləşən sinif otaqlarına su sızmışdır. Əniqoba kəndində fəaliyyətdə olmayan köhnə məscidin bir hissəsi dağılmışdır. Quxuroba kəndində 200 hektardan, Zuxul kəndində isə 50 hektardan artıq əkin və bağ sahəsi su altında qalmışdır. Aidiyyəti qurumlar tərəfindən ərazilərdə bərpa və təhlükəsizlik tədbirləri davam etdirilir.






