Qusar rayonunda həyata keçirilən abadlıq-quruculuq işlərinin icrası üzrə müzakirələr aparılıb
02 sentyabr 2025 | 17:26
Dayanıqlı regional inkişafın əsas göstəricilərindən biri infrastrukturun müasir tələblərə uyğun şəkildə yenilənməsi və təhlükəsiz idarə olunmasıdır. Bu proses eyni zamanda müxtəlif xidmət sahələrinin fəaliyyətində institusional koordinasiyanın gücləndirilməsini zəruri edir. Abadlıq-quruculuq layihələrinin icrası zamanı texniki risklərin qarşısının alınması əhaliyə göstərilən xidmətlərin fasiləsizliyinin təminatında mühüm rol oynayır.
Sentyabrın 2-də Qusar Rayon İcra Hakimiyyətində rayonun sosial-iqtisadi inkişafı çərçivəsində aparılan abadlıq-quruculuq və şəhər küçələrinin əsaslı təmiri işlərinin daha səmərəli təşkili məqsədilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov, RİH başçısı Aparatının məsul şəxsləri, aidiyyəti qurumların, podratçı təşkilatların rəhbərlərinin iştirakı ilə görüş keçirilib.
Görüşdə əsas diqqət rayon ərazisində aparılan yol-tikinti və abadlıq işlərinin mühəndis-kommunikasiya sistemlərinə təsirinin minimuma endirilməsi məsələsinə yönəlib, xüsusilə asfalt örtüyünün çəkilişi və torpaq işləri zamanı qaz, elektrik və su xətlərinin zədələnməməsi üçün qabaqlayıcı tədbirlərin gücləndirilməsi, podratçı təşkilatların müvafiq xidmət qurumları ilə operativ məlumat mübadiləsi apararaq bütün işlərin texniki təhlükəsizlik normalarına uyğun icrası vacib şərt kimi irəli sürülmüş, həmçinin işlərin icrası prosesində yarana biləcək texniki və təşkilati xarakterli problemlər müzakirə olunmuşdur.
Rayon ərazisində, o cümlədən Qusar şəhərində aparılan tikinti-təmir və abadlıq-quruculuq işlərinin yalnız cari sosial ehtiyacların ödənilməsinə deyil, eyni zamanda uzunmüddətli strateji inkişaf hədəflərinin reallaşdırılmasına və əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldiyini nəzərə alaraq görüşdə iştirak edən aidiyyəti qurumların rəhbərləri işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün koordinasiyalı fəaliyyətin aparılacağını qeyd ediblər.
Görüşdə həmçinin icra başçısı payız-qış mövsümünə hazırlıq çərçivəsində yaşayış məntəqələrinin fasiləsiz və keyfiyyətli təbii qaz, elektrik enerjisi və içməli su ilə təmin olunması, yolların cari və əsaslı təmiri, həmçinin sosial obyektlərin tikintisi işlərinin sürətləndirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini vermişdir.






