Qusar rayonunda hüquqi maarifləndirmə tədbirləri davam etdirilir
28 aprel 2026 | 17:13
Yetkinlik yaşına çatmayan şəxslərin sağlam mənəvi-psixoloji mühitdə formalaşması, onların zərərli vərdişlərdən qorunması və vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə yerlərdə aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə mütəmadi olaraq maarifləndirici tədbirlər, görüşlər keçirilir.
Aprelin 24-də Qusar rayonunun Piral kənd tam orta ümumtəhsil məktəbində Qusar Rayon İcra Hakimiyyətinin, Qusar Rayon Prokurorluğu və Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının və məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə baş tutan maarifləndirici tədbirdə “Narkomaniyanın sosial təhlükəliyi və doğurduğu fəsadlar”, “Erkən nikahın fəsadları və zəruri profilaktikası”, “Dövlət, dövlətçilik və dövlət atributlarına hörmət” mövzuları ətrafında geniş müzakirələr aparılıb. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sukutla yad edilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru qonaqları və şagirdləri salamlayaraq bildirib ki, təhsilin başlıca məqsədi şagirdlərə təkcə fənlər üzrə nəzəri biliklər aşılamaq deyil, eyni zamanda onları həyatda qarşılaşa biləcəkləri ictimai təhlükələrlə bağlı məlumatlandırmaq və onlarda fəal vətəndaş mövqeyi tərbiyə etməkdir.
Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin, Qusar Rayon Prokurorluğunun və Polis şöbəsinin məsul əməkdaşları bildiriblər ki, “ağ ölüm” adlandırılan narkomaniya təkcə bir insanın fiziki və psixoloji sağlamlığını məhv etmir, eyni zamanda ailələrin dağılmasına, genefondun zədələnməsinə, cinayətkarlığın artmasına və cəmiyyətin mənəvi dayaqlarının sarsılmasına səbəb olur. Qeyd olunub ki, bu bəla əsas hədəf kimi məhz gəncləri seçir, çünki dövlətin gələcəyi sağlam və savadlı gənclikdən asılıdır. Çıxışçılar Prezident cənab İlham Əliyevin narkomaniyaya qarşı mübarizənin ümumxalq işi olması barədə fikirlərini xatırladaraq gəncləri asudə vaxtlarını idman, elm və mütaliə ilə dəyərləndirməyə çağırıblar.
Görüşdə toxunulan ikinci həssas mövzu erkən nikah problemi olub. Qeyd edilib ki, qanunvericiliyə əsasən Azərbaycanda nikah yaşı 18 yaş müəyyən edilsə də, təəssüf ki, hələ də yeniyetmələrin təhsildən yayınması və erkən yaşda ailə həyatı qurması hallarına rast gəlinir. Bu isə onların fiziki və psixoloji sağlamlığına, həm də gələcək inkişaflarına ciddi zərbə vurur. Belə halların qarşısının alınması üçün valideynlər, məktəb və ictimaiyyət tərəfindən birgə profilaktik işin aparılması olduqca vacibdir.
Tədbir çərçivəsində Azərbaycan dövlətçiliyinin tarixi ənənələri, Ümummilli Lider Heydər Əliyevin banisi olduğu müasir müstəqil dövlət quruculuğu kursunun mahiyyəti və Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş siyasi, hərbi və diplomatik nailiyyətlər haqqında şagirdlərə geniş məlumat verilmişdir. Natiqlər xüsusi vurğulayıblar ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı, Dövlət Gerbi və Dövlət Himni xalqımızın milli birliyinin və suverenliyinin ali rəmzləridir. Gənclərin diqqətinə çatdırılıb ki, dövlət atributlarına ehtiram göstərmək, Konstitusiyaya və qanunlara riayət etmək hər bir vətəndaşın konstitusion borcu və mənəvi məsuliyyətidir.
Tədbir qarşılıqlı diskussiya şəraitində keçib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.






