Qusar Rayonunda İctimai Şuraya Seçkilər Keçirilib
24 iyun 2025 | 17:17
24 iyun 2025-ci il tarixdə Qusar Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilər keçirilib. Seçkilər “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təşkil olunub və rayon ictimaiyyətinin fəal nümayəndələrinin iştirakı ilə baş tutub. İctimai Şuranın formalaşdırılmasında əsas məqsəd dövlət və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığın artırılması, ictimai nəzarətin təmin olunması və vətəndaş cəmiyyəti institutlarının qərarvermə prosesində iştirakının gücləndirilməsidir.
Tədbir iştirakçılarını salamlayan seçki komissiyasının üzvü Əliyulla Nəcərov seçkilərin təşkili və keçirilmə prosesi barədə ətraflı məlumat verib. O bildirib ki, İctimai Şura seçkiləri “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, şəffaflıq, obyektivlik və demokratiklik prinsipləri əsasında təşkil olunub. Qeyd edilib ki, İctimai Şuranın formalaşdırılması vətəndaş cəmiyyətinin inkişafına töhfə verməklə yanaşı, dövlət orqanlarının fəaliyyətində ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İctimai Şura üzvlüyünə seçilən şəxslər gələcəkdə ictimai rəyin öyrənilməsi, vətəndaşların dövlət orqanlarına çatdırmaq istədikləri təklif və problemlərin sistemli şəkildə təqdim olunması baxımından mühüm funksiyanı yerinə yetirəcəklər. O, yeni tərkibdə formalaşacaq Şuraya fəaliyyətlərində uğurlar arzulayıb və yerli idarəetmədə ictimai iştirakçılığın əhəmiyyətini bir daha diqqətə çatdırıb.
Daha sonra çıxış edən Qusar Rayon Ağsaqqallar Şurasının sədri Sənan Xəlilov ictimai birliklərin və qeyri-hökumət təşkilatlarının cəmiyyətdəki roluna və fəaliyyətlərinin əhəmiyyətinə toxununaraq yeni formalaşacaq Şuraya gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edilib ki, vətəndaş cəmiyyəti institutlarının, xüsusilə də ağsaqqalların, ziyalıların və ictimai fəalların iştirak etdiyi birliklərin fəaliyyəti dövlətlə cəmiyyət arasında qarşılıqlı etimadın formalaşmasında mühüm rol oynayır. İctimai Şuralar yalnız məsləhətçi orqan olmaqla kifayətlənməyib, ictimai rəyin formalaşdırılması, dövlət orqanlarının fəaliyyətinin şəffaflığının artırılması və sosial dialoqun təşviqi baxımından effektiv platformadır. Bu baxımdan Şura üzvləri ictimai maraqları ifadə edən, konstruktiv təkliflər verən və yerli səviyyədə ictimai nəzarəti təmin edən mühüm vasitə kimi çıxış etməlidirlər.
Ardınca iştirakçılara seçki bülletenləri təqdim olunub, seçki proseduru və texniki qaydalar barəsində onlara ətraflı məlumat verilib. Səsvermə başa çatdıqdan sonra bülletenlər müvafiq qaydada toplanaraq açılıb və səslərin hesablanması mərhələsinə keçilib. Hesablamalar şəffaf şəkildə aparılıb, nəticələr xüsusi protokolla rəsmiləşdirilib. Protokol əsasında İctimai Şura üzvlüyünə seçilmiş şəxslərin siyahısı tərtib olunub. Seçki nəticələrinə əsasən, Vidadi Sevzixanov, Alif Məmmədov, Əliyulla Ağalarov, Jalə Əmirbəyova, Sənan Xəlilov, Nasir Pirseyidov, Canəli Hörmətov Qusar Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya üzv seçiliblər.






