Qusar rayonunda II Qarabağ müharibəsi şəhidlərinin anım mərasimləri keçirilib
07 noyabr 2024 | 18:07
Şəhidlik-böyük amallar uğrunda candan keçmək, ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Vətən yolunda canlarını qurban verməkdən çəkinməyən igidlərimiz hər zaman qəlblərdə yaşayırlar. Şəhidlərimizin xatirəsi Qusar rayonunda da hər zaman əziz tutulur. Qusar rayonunda 44 günlük Vətən müharibəsi şəhidlərimizin anım mərasimləri keçirilib. Mərasimdə Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH Aparatının məsul şəxsləri, idarə, müəssisə rəhbərləri, şəhidimizin ailə üzvləri iştirak ediblər. Mərasim iştirakçıları Qusar rayonunun Əniq kəndində II Qarabağ müharibəsi şəhidlərimiz İmaməliyev Sərraf Murtuzəli oğlu və Yunusov Amrid Zaur oğlunun məzarlarını ziyarət edib, məzarları önünə gül dəstələri düzüb, ruhlarına dualar oxuyaraq xatirələrini ehtiramla yad ediblər.
Məlumat üçün bildirək ki, Azərbaycan Ordusunun leytenantı olmuş Sərraf İmaməliyev II Qarabağ müharibəsi zamanı Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Ölümündən sonra “Füzulinin azad olunmasına görə medalı”, “Qubadlının azad olunmasına görə medalı”, “Vətən uğrunda medalı”, “Hərbi xidmətlərə görə medalı” ilə təltif olunub.
Azərbaycan Ordusunun çavuşu olmuş Yunusov Amrid Zaur oğlu 44 günlük Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, oktyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub. Döyüşlərdə göstərdiyi şücaətlərinə görə ölümündən sonra “Cəsur döyüşçü medalı”, “Vətən uğrunda medalı”, “Xocavəndin azad olunmasına görə medalı”, “Füzulinin azad olunmasına görə medalı” ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!