Qusar rayonunda II Qarabağ müharibəsi şəhidlərinin xatirəsi yad edilmişdir
09 oktyabr 2025 | 16:44
Oktyabr ayının 9-da II Qarabağ müharibəsi zamanı şəhadətə ucalmış Qusar rayon şəhidlərinin məzarları ziyarət olunmuş, əziz xatirələri ehtiramla yad edilmişdir. Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov şəhidlərin ailələri ilə əlaqə saxlayaraq, başsağlığı vermişdir.
Şəhid Kəlbiyev Murad Məməziyad oğlu 11 yanvar 1996-cı ildə Qusar rayonunun Cibir kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olmuş Murad Kəlbiyev II Qarabağ müharibəsi zamanı oktyabrın 5-də şəhid olmuş, oktyabrın 9-da doğulub boya-başa çatdığı Qusar rayonunun Cibir kəndində dəfn olunmuşdur.
Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı, “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.
Şəhid Ələskərov Vadim Ağababa oğlu 24 noyabr 1993-cü ildə Qusar rayonunun Urva kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun kiçik çavuşu olmuş Vadim Ələsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məqsədilə başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşmış, oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olmuşdur. Şəhid oktyabrın 9-da Qusar rayonunun Urva kəndində dəfn olunmuşdur.
Ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı, “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.
Şəhid Xəncəlov Ümüd Radif oğlu 10 aprel 1994-cü ildə Qusar rayonunun Hil kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olmuş kəşfiyyatçı Ümüd Xəncəlov 44 günlük Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrutun və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır. Şəhid olduğu günə qədər 50-dən çox hərbçisinin həyatını xilas etmişdir. Ümüd Xəncəlov oktyabrın 6-da Füzuli döyüşləri zamanı şəhid olmuş, oktyabrın 9-da Qusar rayonunun Hil kəndində dəfn olunmuşdur.
Ölümündən sonra “Vətən uğrunda” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı, “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!






