Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda intensiv bağçılığa maraq artıb

16 noyabr 2024 | 10:51
Son illər Qusar rayonunda intensiv bağçılığa maraq artıb. Bu sahədə 2016-cı ildən etibarən sürətli inkişaf müşahidə olunur. 2020-ci ildən bu yana rayonda 4706 hektar bağ sahəsi salınıb ki, bunun 880 hektarı cari ildə salınmış intensiv və superintensiv tipli bağ sahələridir. Meyvə bağlarından cari ilin 1 noyabr tarixinədək 61368,5 ton məhsul yığılıb. Belə ki, bağ sahələrindən bu günə kimi 40842,8 ton alma, 5320,9 ton armud, 4507,9 ton şaftalı, 2913,9 ton gilas, 3836,9 ton fındıq və digər meyvələr toplanılıb. Cari ildə ötən ilin eyni dövrü ilə müqayisədə 12343,5 ton çox meyvə yığılmışdır.
Ənənəvi bağlarla müqayisədə superintensiv bağlarda məhsuldarlığın xeyli artıq olması, bu bağların dərmanlanması və suvarılması prosesinin daha rahat olması, əldə olunan məhsulun keyfiyyətinin yüksək olması, daha çox gəlir gətirməsi və nəticə olaraq xarici bazarlara çıxarıla bilən rəqabətqabiliyyətli məhsul istehsal etmək imkanının əldə olunması kimi amillər səbəbindən sahibkarlar yeni intensiv və superintensiv tipli meyvə bağları salmaqda maraqlıdırlar. Digər tərəfdən intensiv tipli bağlar tez məhsul verməklə yanaşı, həm də xəstəlik və zərərvericilərə qarşı davamlıdır. Ən əsası isə həm xarici, həm də yerli bazarlarda intensiv bağların məhsulu olan meyvələrə tələbat yüksəkdir. Müasir tipli bağların suvarılmasında damlama suvarma sistemindən istifadə olunur. Bu isə suvarma suyuna qənaət etməklə yanaşı, işçi qüvvəsinin də işini xeyli asanlaşdırır.
Qeyd edək ki, hazırda Qusar rayonunda 14320 hektar meyvə bağı mövcuddur ki, onlardan 8000 hektardan çoxu intensiv tipli bağ sahələridir. Rayon ərazisində yerləşən meyvə bağlarında keyfiyyətli məhsul əldə etmək üçün bütün zəruri işlər görülür, o cümlədən aqrotexniki tədbirlər aparılır. 2024-cü ilin ilk 9 ayı ərzində meyvə bağlarında 7867,2 hektarında cərgə aralarında şum, 10970,1 hektarında budama işləri, 41784,5 hektarında xəstəlik və zərərvericilərə qarşı kompleks kimyəvi mübarizə tədbirləri aparılmışdır. Rayon ərazisində 11 istifadədə olan və 1 tikilməkdə olan soyuducu anbar var ki, “Budad MMC” yə məxsus 3000 tonluq soyuducu anbarın tikintisi davam etdirilir. Rayonda yerləşən soyuducu anbarların ümumi tutumu isə 47,4 min ton təşkil edir. Təsərrüfatlar tərəfindən həmin soyuducu anbarların tutum imkanlarının genişləndirilməsi planlaşdırılır.
Bütün sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsinə də dövlət dəstəyi böyükdür. Aqrar Subsidiya Şurasının qərarına əsasən fermerlərə müxtəlif növ subsidiyaların verilməsi, güzəştli şərtlərlə suvarma sistemlərin çəkilişi, soyuducu anbarların tikintisi, kənd təsərrüfatı təyinatlı texnikanın alışına dəstəyin göstərilməsi, güzəştli şərtlərlə kənd təsərrüfatı təyinatlı kreditlərin verilməsi dövlət dəstəyinin bariz nümunəsidir.
Bu gün Qusar rayonunda dövlət dəstəyi və yeni texnologiyaların tədbiqi ilə kənd təsərrüfatı sahəsi daha da inkişaf edir ki, bu da rayonun iqtisadi potensialını daha da gücləndirir.
Keçidlər