Qusar rayonunda “ISFA Sporting” Şahmat Məktəbinin açılış mərasimi baş tutub
01 may 2026 | 19:31
Qusar rayonunda idmanın kütləviliyinin artırılması, gənclər arasında sağlam həyat tərzinin təbliği və onların asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır. Son illər rayonda mövcud idman infrastrukturunun müasirləşdirilməsi ilə yanaşı, yeni idman obyektlərinin istifadəyə verilməsi bu sahədə həyata keçirilən ardıcıl dövlət siyasətinin bariz nümunəsidir. Gənclərin intellektual inkişafına xidmət edən növbəti belə layihə Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi və “ISFA” şirkətinin təşəbbüsü ilə reallaşıb.
May ayının 1-də Qusar şəhərinin Nəriman Nərimanov adına İstirahət və Mədəniyyət Parkında əsaslı şəkildə yenidən qurulmuş “ISFA Sporting” Şahmat Məktəbinin təntənəli açılış mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov qonaqları və tədbir iştirakçılarını salamlayaraq, şahmat məktəbinin ərsəyə gəlməsində əməyi keçən hər kəsə, o cümlədən layihənin təşəbbüskarı və icraçısı olan “ISFA” şirkətinin rəhbərliyinə dərin minnətdarlığını bildirib. İcra başçısı “zəka oyunu” adlandırılan şahmatın rayonda təşviqində və gənclər arasında bu idman növünün geniş yayılmasında yeni məktəbin mühüm rol oynayacağına əminliyini ifadə edib, məktəbin müəllim heyətinə uğurlar arzulayıb. İcra başçısı Ulu Öndər Heydər Əliyevin Azərbaycanda idmanın, şahmat idman növünün inkişafı sahəsində göstərdiyi misilsiz xidmətləri xüsusi vurğulayaraq, Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində bu idman növünün ölkəmizdə kütləviləşdiyini və prioritet idman növlərindən birinə çevrildiyini diqqətə çatdırıb.
Daha sonra söz alan Azərbaycan Şahmat Federasiyasının Prezidenti Mahir Məmmədov ölkəmizdə şahmata göstərilən dövlət qayğısından ətraflı danışaraq qeyd edib ki, bu yüksək diqqət və qayğının nəticəsidir ki, Azərbaycan bu gün haqlı olaraq şahmat ölkəsi kimi tanınır. Ardıcıl dövlət proqramları, yaradılan müasir infrastruktur və gənclərə göstərilən etimad sayəsində hazırda ölkəmizin adı bu sahədə dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada çəkilir.
Tədbirdə çıxış edən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli şahmat hakimi Faiq Həsənov federasiya olaraq bölgələrdə, o cümlədən Qusar rayonunda şahmatın inkişafına dəstək göstərməyə hazır olduqlarını vurğulayıb. O, Qusarın şahmat ənənələrindən danışaraq bildirib: “Qusar şahmat tariximizdə xüsusi yeri olan rayondur. Burada iki dəfə Şahmat Olimpiadası keçirilib. Bu fakt özü-özlüyündə rayonun böyük şahmat potensialından və intellektual mühitindən xəbər verir. Əminəm ki, yeni məktəb bu ənənəni daha da zənginləşdirəcək”.
Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova çıxışında layihənin təşəbbüskarlarına və icraçılarına təşəkkürünü ifadə edib. O, “Regionumuzda belə müasir şahmat məktəbinin açılması sevindirici haldır. Bu, təkcə Qusar üçün deyil, bütün şimal bölgəsi üçün əlamətdar hadisədir. Məktəbin fəaliyyətə başlaması bu intellektual idman növünün regionda daha geniş vüsət almasına, istedadlı uşaqların üzə çıxarılmasına təkan verəcək”, - deyə vurğulayaraq pedaqoji heyətə gələcək işlərində uğurlar arzulayıb.
Tədbirdə veteran şahmatçı, beynəlxalq dərəcəli usta Həbibulla Ağalarov və Quba Şahmat Məktəbinin müəllimi, FİDE arbitri Söhrab Murtuzov da çıxış edərək, yaradılan yüksək şəraitə görə təşkilatçılara və “ISFA” şirkətinə təşəkkür ediblər. Yeni nəslin rayonun idman ənənələrini layiqincə davam etdirəcəyinə inamlarını ifadə ediblər.
“ISFA” şirkətinin direktoru Samir Xeyirbəyov çıxışında ölkədə idmana göstərilən diqqəti xüsusi vurğulayıb: “Möhtərəm Prezident İlham Əliyevin idmana göstərdiyi ali diqqət və qayğı nəticəsində bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır, beynəlxalq arenalarda bayrağımızı ucaldan yeni çempionlar yetişir. Biz də “ISFA” şirkəti olaraq cənab Prezidentin yürütdüyü bu uğurlu siyasətə dəstək olmağı özümüzə borc bilirik”. Samir Xeyirbəyov bildirib ki, daha əvvəl də rayonda şahmat məktəbləri fəaliyyət göstərib, lakin müəyyən səbəblərdən fəaliyyətlərini davam etdirməyib. Məhz bu boşluğu aradan qaldırmaq üçün məktəbin yenidən açılması qərarına gəldiklərini deyən şirkət rəhbəri, bu təşəbbüsə dərhal müsbət cavab verdiyinə və məktəb üçün münasib yer ayırdığına görə rayon rəhbərliyinə təşəkkürünü bildirib. O, əlavə edib ki, şahmatın zehni gərginlik tələb edən idman növü olduğunu nəzərə alaraq, uşaqların yorğunluğunu çıxarması və fiziki cəhətdən də inkişaf etməsi üçün məktəbin nəzdində basketbol meydançası da yaradılıb.
Rəsmi çıxışlardan sonra rayonda müxtəlif sahələrin, o cümlədən idmanın inkişafına göstərdiyi dəstəyə görə “ISFA” şirkətinin direktoru Samir Xeyirbəyova Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov tərəfindən xatirə hədiyyəsi təqdim olunub.
Daha sonra tədbir iştirakçıları “ISFA Sporting” Şahmat Məktəbi ilə yaxından tanış olub, burada yaradılan şəraitlə maraqlanıb, müasir inventarla təchiz olunmuş tədris otağına baxış keçirib, məşğələlərdə iştirak edən uşaqlarla səmimi söhbət aparıblar. İştirakçılar, həmçinin məktəbin həyətində inşa edilən basketbol meydançası ilə də tanış olublar.
Açılış mərasimi bədii özfəaliyyət kollektivlərinin təqdimatında rəngarəng konsert proqramı ilə davam edib.






