Qusar rayonunda istehlakçıların və investorların maarifləndirilməsi məqsədilə səyyar qəbul və təlim keçirilib
09 avqust 2025 | 15:50
Avqustun 8-də Qusar rayonunda istehlakçıların və investorların səyyar qəbulu, eləcə də maliyyə savadlılığının artırılması məqsədilə tədbir təşkil olunub. Tədbirdə Mərkəzi Bankın İstehlakçılarla İş Departamentinin direktoru Murad Məmmədov, Bankın digər məsul əməkdaşları, Quba–Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən səhmdar cəmiyyətlərinin üzvləri və vətəndaşlar iştirak ediblər.
Tədbir öncəsi Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov və Mərkəzi Bankın İstehlakçılarla İş Departamentinin direktoru Murad Məmmədov arasında görüş keçirilib. Görüşdə maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, əhalinin maliyyə biliklərinin artırılması və investorların hüquqlarının qorunması istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.
Qusar Rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə iştirakçılar üçün “Doğru maliyyə qərarları üçün maliyyə savadlılığı” mövzusunda təlim keçirilib. Təlim zamanı şəxsi büdcənin idarə olunması, borclanma və qənaət prinsipləri, maliyyə risklərinin azaldılması yolları kimi mövzular izah edilib. Ardınca investorlarla emitentlərin illik hesabatlarının qanunvericiliyə uyğun tərtib edilməsi, səhmdarların ümumi yığıncaqlarının keçirilməsi və səhmdar cəmiyyətlərinin fəaliyyəti ilə bağlı tələblər ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində Mərkəzi Bankın İstehlakçılarla İş Departamentinin direktoru Murad Məmmədov rayon ərazisində fəaliyyət göstərən bank filiallarının rəhbərləri ilə də görüş keçirib. Görüşdə vətəndaşlara göstərilən bank xidmətlərinin keyfiyyətinin artırılması, kredit və depozit məhsullarının əlçatanlığının təmin edilməsi, eləcə də innovativ bank texnologiyalarının tətbiqi məsələləri müzakirə olunub.
Tədbirin sonunda sığorta və bank sahəsində mövcud çətinliklərlə bağlı müraciət edən vətəndaşların səyyar qəbulu təşkil olunub, onların sualları dinlənilərək müvafiq izahlar edilib və tövsiyələr verilib.






