Qusar rayonunda kənd təsərrüfatına dəyən ziyanın aradan qaldırılması və aqrar sığortanın əhəmiyyətinə dair maarifləndirici görüşlər keçirilib
27 aprel 2026 | 18:25
2026-cı ilin mart ayının 27–28-i və aprel ayının 03–05-i tarixlərində müşahidə olunan intensiv yağıntılar Qusar rayonunda, xüsusilə kənd təsərrüfatı sahəsinə ciddi ziyan vurmuşdur. Yağıntıların normadan artıq olması nəticəsində əkin sahələri və çoxillik bağlar su altında qalmış, lil və çınqıl kütlələri ilə örtülmüş, bəzi ərazilərdə isə torpaq örtüyü tamamilə yuyularaq yararsız hala düşmüşdür. Bununla yanaşı, sel və daşqınlar müəyyən infrastruktur obyektlərinə də zərər vurmuşdur.
Aparılmış monitorinqlər və hesablamalara əsasən, rayon ərazisində fəaliyyət göstərən 180-dən artıq fiziki və hüquqi şəxsə məxsus təsərrüfatlara ciddi ziyan dəymiş, bir sıra təsərrüfatlar isə tamamilə məhv olmuşdur. Mövcud vəziyyət bir daha göstərir ki, iqlim dəyişiklikləri fonunda kənd təsərrüfatı sahəsində risklər artmaqdadır və bu risklərin idarə olunması üçün effektiv mexanizmlərin tətbiqi vacibdir.
Bu məqsədlə aprelin 24-də Qusar rayonunun Quxuroba, Gündüzqala və Zuxul kəndlərində Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin, Aqrar Sığorta Fondunun, İƏD üzrə nümayəndələrin və müstəqil ekspertlərin, bələdiyyə sədrlərinin, fermer və sahibkarların iştirakı ilə görüşlər keçirilmişdir. Görüşlərdə Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rauf Minhacov, Aqrar Sığorta Fondunun Şimal regional filialının rəhbəri Azər Səfərov və sahə üzrə müstəqil ekspertlər aqrar sığortanın əhəmiyyəti, tətbiq mexanizmləri və fermerlər üçün yaratdığı imkanlar barədə ətraflı məlumat vermişdir. Xüsusi vurğulanmışdır ki, Aqrar Sığorta Fondunun fəaliyyəti kənd təsərrüfatı istehsalçılarının maliyyə dayanıqlığının qorunmasında mühüm rol oynayır. Təbii fəlakətlər, o cümlədən aramsız yağıntılar, sel və digər risklər nəticəsində baş verə biləcək itkilərin qarşısının alınması və ya minimuma endirilməsi baxımından aqrar sığorta etibarlı təminat mexanizmi kimi çıxış edir.
Görüşlər zamanı riskli zonalarda fəaliyyət göstərən fermerlərə aqrar sığortadan istifadənin vacibliyi bir daha izah olunmuş, onların sualları cavablandırılmış və bu istiqamətdə maarifləndirmə tədbirlərinin davam etdiriləcəyi diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, gələcəkdə də oxşar təbii hadisələrin baş vermə ehtimalı nəzərə alınaraq fermerlərin aqrar sığortaya cəlb olunması və bu alətlərdən fəal istifadə etməsi kənd təsərrüfatının davamlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.






