Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş maarifləndirici tədbir keçirilmişdir

28 noyabr 2025 | 19:35
 
Korrupsiyaya qarşı mübarizə hər bir cəmiyyətin dayanıqlı inkişafının, dövlət idarəçiliyində şəffaflığın və ictimai etimadın təmin olunmasının əsas şərtlərindən biridir. Müasir dövrdə dövlətlərin qarşısında duran ən mühüm çağırışlardan biri məhz korrupsiyanın bütün formalarının aradan qaldırılması və idarəetmədə tam şəffaf mexanizmlərin tətbiqidir. Bu istiqamətdə həm hüquqi-normativ baza gücləndirilir, həm innovativ idarəetmə üsulları tətbiq olunur, həm də ictimai maarifləndirmə tədbirlərinə geniş yer verilir.
28 noyabr 2025-ci il tarixində Qusar Rayon Heydər Əliyev Mərkəzində Qusar Rayon İcra Hakimiyyətinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş “Korrupsiyasız gələcək” adlı maarifləndirici tədbir keçirilmişdir.
Tədbir çərçivəsində Qusar Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının, Qusar Rayon Heydər Əliyev Mərkəzinin, Rayon Prokurorluğunun, Polis Şöbəsi və İcra və probasiya şöbəsinin məsul şəxsləri tərəfindən korrupsiyanın cəmiyyətin inkişafına vurduğu zərərlər, dövlət idarəçiliyində şəffaflıq və hesabatlılığın təmin olunması istiqamətində həyata keçirilən islahatlar, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” haqqında ətraflı məlumat verilmişdir.
Çıxışlarda vurğulanmışdır ki, son illər ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində mühüm addımlar atılıb, elektron xidmətlərin genişləndirilməsi, idarəetmədə rəqəmsal həllərin tətbiqi, vətəndaş məmnunluğunu artırmaq məqsədilə şəffaf mexanizmlərin formalaşdırılması bu istiqamətdə əhəmiyyətli nəticələr verib. Dövlət orqanlarında optimallaşdırma, insan amilinin minimuma endirilməsi, e-hökumət xidmətlərinin əlçatanlığının genişləndirilməsi korrupsiyaya qarşı preventiv tədbirlərin mühüm hissəsini təşkil edir.
Tədbirdə həmçinin korrupsiyaya qarşı mübarizənin dövlət qurumlarının fəaliyyəti ilə yanaşı, ictimaiyyətin də fəal iştirakını tələb edən kompleks proses olduğu və bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyi qeyd olunub.
Sonda korrupsiyaya qarşı mübarizə mövzusuna həsr olunmuş qısa videoçarx nümayiş etdirilib.
Keçidlər