Qusar rayonunda mədəni irsin təbliğinə həsr olunmuş intellektual turnir keçirilib
18 may 2026 | 09:15
Mayın 16-da Qusar rayonunda Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Azərbaycanın mədəni irsinin yeniyetmə və gənclər arasında təbliği” layihəsi çərçivəsində şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbində intellektual turnir təşkil olunub. Turnirdə Qusar şəhəri və kəndlərindən 48 nəfər yeniyetmə və gənc müəllim 8 komandanın tərkibində “Nə? Harada? Nə zaman?” intellektual oyununda biliklərini sınayıblar. Tədbirin açılışında çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov layihənin əsas məqsədinin Azərbaycanın zəngin mədəni irsinin intellektual oyunlar vasitəsilə gənclər arasında təbliğ olunması olduğunu bildirib. O qeyd edib ki, layihə gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsinə, komandada işləmək, qərarvermə və məntiqi düşünmə bacarıqlarının inkişafına, həmçinin asudə vaxtın səmərəli təşkilinə xidmət edir. Rəsmi hissədə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin əməkdaşı Rixard Qədimov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Qusar rayonu üzrə təhsil sektorunun əməkdaşı İldırım Zeynalov və Qusar şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Arif Xəlilov belə intellektual yarışmaların gənc nəslin intellektual bacarıqlarını üzə çıxartmaqla yanaşı, onların ictimai fəallığı üçün davamlı zəmin yaratdığını qeyd ediblər. Bir dövrəli dairəvi sistem üzrə keçirilən turnirdə qalib adını Qusar şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbinin “Yüksəliş” komandası qazanıb. Qusar şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin “Şahdağ” komandası ikinci, Qusar şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin “Zirvə” komandası isə üçüncü yerə layiq görülüb. Hər üç komanda final mərhələsində iştirak hüququ əldə edib. Qalib və mükafatçı komandalar kubok, medal və diplomlarla təltif olunub. Layihə çərçivəsində yaxın günlərdə Şabran şəhərində və Quba rayonunun üç kənd zonasında da seçim turlarının keçirilməsi nəzərdə tutulur.






