Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda “Nitqin sənin imzandır” adlı natiqlik təlimi keçirilib.

14 iyul 2026 | 17:26
İyulun 13-də Qusar Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Ünsiyyətin Təkmilləşdirilməsi Üsulları MMC-nin tərəfdaşlığı ilə “Nitqin sənin imzandır” adlı natiqlik və ünsiyyət bacarıqları üzrə təlim keçirilib. Təlimdə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qusar rayonu üzrə mədəniyyət müəssisələrinin əməkdaşları, eləcə də Qusar rayonunda fəaliyyət göstərən müxtəlif idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər. Tədbirin keçirilməsində əsas məqsəd iştirakçıların nitq mədəniyyətinin inkişaf etdirilməsi, ünsiyyət bacarıqlarının təkmilləşdirilməsi, auditoriya qarşısında sərbəst çıxış vərdişlərinin formalaşdırılması, təsirli nitq qurmaq bacarığının artırılması və peşəkar fəaliyyətdə effektiv kommunikasiya imkanlarının genişləndirilməsindən ibarət olub. Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Rəsmi hissədən əvvəl zəngin bədii proqram təqdim olunub. Qusar Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Şahnabat” xalq kollektivi, “İkram” ritm qrupu və “Şahzadə” folklor qrupunun təqdim etdiyi musiqi nömrələri tədbirə xüsusi ovqat qatıb. Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayonu üzrə nümayəndəsi Elvira Hacıbalayeva nitq mədəniyyətinin cəmiyyət həyatındakı əhəmiyyətindən, mədəniyyət işçilərinin peşəkar fəaliyyətində düzgün və təsirli ünsiyyət bacarıqlarının rolundan danışıb, bu istiqamətdə həyata keçirilən maarifləndirici layihələrin əhəmiyyətini vurğulayıb. O, təlimin 14 iyul – Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin ildönümü ərəfəsinə təsadüf etməsini, eləcə də Ulu Öndərin uzaqgörən dövlət xadimi və dahi siyasətçi olmaqla yanaşı, yüksək nitq mədəniyyətinə, müstəsna natiqlik məharətinə malik şəxsiyyət olmasını nəzərə alaraq, “Nitqin sənin imzandır” adlı təlimin onun əziz xatirəsinə ithaf olunması təşəbbüsü ilə çıxış edib. Tədbir iştirakçıları təşəbbüsü alqışlarla qarşılayaraq yekdilliklə dəstəkləyiblər. Ardınca natiqlik və ünsiyyət bacarıqları üzrə təlimçi, Ünsiyyətin Təkmilləşdirilməsi Üsulları MMC-nin rəhbəri Zaur Cahangirov tərəfindən keçirilən təlim zamanı nitqin insan həyatındakı rolu, ilk təəssüratın formalaşması, səs tonu və intonasiyanın təsiri, bədən dili, auditoriya ilə effektiv ünsiyyətin qurulması, hekayələşdirmə bacarıqları, həyəcanın idarə olunması, inandırıcı çıxışın əsas prinsipləri və yadda qalan nitqin formalaşdırılması kimi mövzular ətrafında ətraflı məlumat verilib.
İnteraktiv formatda, canlı dialoqlar, sual-cavab sessiyaları və praktiki nümunələr əsasında aparılan müzakirələr zamanı iştirakçılar müxtəlif praktik tapşırıqlara cəlb olunub, auditoriya qarşısında çıxış edərək nəzəri biliklərini praktik tətbiq etmək imkanı qazanıblar. Təlimin ikinci mərhələsində müxtəlif nitq situasiyaları təhlil olunub, auditoriya qarşısında çıxış zamanı rast gəlinən çətinliklər və onların aradan qaldırılması yolları əyani nümunələr əsasında izah edilib. Təlimin sonunda iştirakçılar belə maarifləndirici layihələrin peşəkar inkişaf baxımından mühüm əhəmiyyət daşıdığını, nitq mədəniyyətinin formalaşdırılmasına və ünsiyyət bacarıqlarının inkişafına əhəmiyyətli töhfə verdiyini qeyd edərək təşkilatçılara təşəkkürlərini bildiriblər.
Keçidlər