Qusar rayonunda növbəti təmizlik aksiyası keçirilib
01 sentyabr 2025 | 18:14
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkə ərazisində ətraf mühitin qorunması məqsədilə hər il təmizlik aksiyaları keçirilir. Bu tədbirlər ölkə ərazisində ətraf mühitin məişət və digər tullantılarla çirkləndirilməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması istiqamətində maarifləndirilməsi, o cümlədən insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə ekoloji vəziyyətin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirmək məqsədini daşıyır.
29 avqust 2025-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü və Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, habelə digər müvafiq qurumların koordinasiyalı fəaliyyəti ilə Qusar rayonunun Qayakənd kəndi ərazisində, çayın sağ sahilində genişmiqyaslı təmizlik aksiyası həyata keçirilmişdir. Aksiya çərçivəsində ərazi məişət tullantılarından və müxtəlif növ ətraf mühitə zərər verə biləcək materiallardan təmizlənib.
5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Qusar şəhər nümayəndəliyi və Qusar Kommunal Müəssisələr Kombinatının işçiləri bu təşəbbüsə qoşulublar.
Belə ekoloji aksiyaların və ətraf mühitin qorunması istiqamətində əhalinin maarifləndirmə prosesinin gələcəkdə də davamlı şəkildə aparılması nəzərdə tutulmuşdur.






