Qusar rayonunda qadın fermerlərə dəstək məqsədilə "AFAQ" layihəsi çərçivəsində görüş keçirilib
08 may 2026 | 15:38
Mayın 7-də Qusar rayonunda Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən "Aqrar Fəaliyyətli Azərbaycan Qadınları" (AFAQ) layihəsi çərçivəsində Qusar Dövlət Aqrar İnkişaf Mərkəzində qadın fermerlərlə görüş keçirilib. Görüşdə Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin və “Aqrar Tədarük və Təchizat” ASC-nin məsul əməkdaşları, eləcə də layihə çərçivəsində dəstək göstərilən qadın fermerlər iştirak ediblər. Tədbir çərçivəsində qadınların aqrar sahədə fəaliyyətinin genişləndirilməsi, ailə təsərrüfatlarının inkişaf etdirilməsi və regionlarda qadın məşğulluğunun artırılması istiqamətində görülən işlər müzakirə olunub. Çıxış edən nümayəndələr tərəfindən bildirilib ki, "AFAQ" layihəsi regionlarda qadın fermerlərin aqrar fəaliyyətə marağının artırılması, onların resurs və bazarlara çıxış imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, layihə çərçivəsində göstərilən dəstək tədbirləri qadın fermerlərin fəaliyyətini stimullaşdırır, təsərrüfatlarının inkişafına və gəlirlərinin artmasına müsbət təsir göstərir. Dəstək tədbirləri çərçivəsində aparılmış qiymətləndirmə sorğularının nəticələrinə əsasən, Qusar rayonundan olan 4 qadın fermerə təsərrüfat ehtiyaclarına uyğun olaraq ümumilikdə 4 ədəd inkubator təqdim edilib.






