Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda qazlaşdırılmamış kəndlərin odun yanacağı ilə təminatı istiqamətində tədbirlər davam etdirilir

30 may 2025 | 18:20
Qusar rayonunun coğrafi mövqeyi, rayonun kəndlərinin əksəriyyətinin dağlıq ərazidə yerləşməsi və təbii-iqlim şəraiti əhalinin qış aylarında yanacaqla təminatını mühüm sosial məsələ kimi gündəmdə saxlayır.
Hazırda Qusar rayonunda mövcud 90 yaşayış məntəqəsindən 48-nin təbii qazla təmin olunmaması səbəbindən, həmin kəndlərin sakinləri üçün odun əsas yanacaq mənbəyi olaraq qalır. Növbəti illərdə kəndlərin qazlaşdırılması işləri davam etdiriləcək. Bununla belə, 2025-2026-cı illərin payız-qış mövsümündə əhalinin yanacaq odunla təminatı məqsədilə müəyyən tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Bu tələbatın vaxtında və fasiləsiz şəkildə ödənilməsi məqsədilə Qusar Rayon İcra Hakimiyyətinin başçısının təşəbbüsü ilə inzibati ərazi dairəsi üzrə nümayəndələr və Regional Meşə Təsərrüfatı Mərkəzinin məsul şəxsləri ilə görüşlər keçirilir. Görüşlərdə odun tədarükü prosesinin vaxtında başlanması, bölgü mexanizminin şəffaf və planlı həyata keçirilməsi, eləcə də sakinlərin bu prosesdə hər hansı çətinliklə qarşılaşmaması üçün müzakirələr aparılır.
Əhalinin ehtiyaclarına uyğun olaraq, bu il üçün Qusar rayonuna 2954 m3 odun yanacağı ayrılmışdır. Bu resurs, əsasən qazlaşdırılmamış kəndlərin tələbatını qarşılamaq üçün planlaşdırılıb.
Adətən, payız aylarında havaların tez-tez yağıntılı keçməsi odun tədarükü və daşınmasını xeyli çətinləşdirir. Bu səbəbdən, 2025-ci il üzrə hazırlıq işlərinə öncədən başlanılıb və odun biletlərinin paylanması may ayından etibarən həyata keçirilir.
Odun yanacağı ilə təminat yalnız tədarük və paylama ilə məhdudlaşmır. Eyni zamanda meşə fonduna ziyan vurulmaması, yalnız qanuni əsaslarla ayrılmış ehtiyatlardan istifadə olunması ciddi nəzarətdə saxlanılır.
Əhalinin yanacaq odunla təminatı istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu, həm sakinlərin rifah halının yaxşılaşdırılması, həm də bölgədə mövsümi çətinliklərin qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir.
Keçidlər