Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri davam etdirilir-2026

27 oktyabr 2026 | 18:11
 
Qəhvəyi mərmər bağacığı kənd təsərrüfatı bitkilərinə, meyvə bağlarına və digər bitkilərə ciddi zərər vuran təhlükəli zərərvericilərdən biridir. Payız-qış dövründə bu zərərverici qışlamaq üçün yaşayış evlərində, yardımçı tikililərdə və müxtəlif sığınacaq yerlərində toplanır. Bu dövrdə onun sayının azaldılması və gələcəkdə yayılmasının qarşısının alınması məqsədilə mexaniki mübarizə üsullarının tətbiqi, xüsusilə zərərvericilərin toplanaraq məhv edilməsi mühüm əhəmiyyət daşıyır.
Qusar Rayon Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzinin əməkdaşları tərəfindən rayonun, əsasən, aran hissəsində yerləşən və zərərvericinin daha çox aşkar olunduğu kənd və yaşayış məntəqələrində vətəndaşlarla görüşlər keçirilir. Görüşlər zamanı yaşayış evlərində, yardımçı tikililərdə və həyətyanı sahələrdə zərərvericinin qışlama yerlərinə baxış keçirilir, əhali arasında maarifləndirmə və təşviqat işləri aparılır, qışlama dövründə mexaniki mübarizə üsullarının tətbiqinin vacibliyi sakinlərin diqqətinə çatdırılır.
Bununla yanaşı, Qusar Rayon Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzinin əməkdaşları tərəfindən avqust–sentyabr aylarında rayonun Gilahoba, Qaratoba, Hacatala, Nəcəfkəndoba, Əcəxuroba, Torpaqkörpü, Zuxuloba, Şirvanlı, Salahoba, Hiloba və Yasaboba kəndlərində, ümumilikdə 466,17 hektar qarışıq meyvə bağında dövlət vəsaiti hesabına "bifenamin" preparatından istifadə edilməklə qəhvəyi mərmər bağacığına qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilmişdir.
Zərərvericinin yayılmasının qarşısının alınması, meyvə bağlarının qorunması və kənd təsərrüfatına dəyə biləcək ziyanın minimuma endirilməsi məqsədilə mübarizə və maarifləndirmə tədbirləri davam etdirilir.
Keçidlər