Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri davam etdirilir

09 oktyabr 2025 | 16:41
Qusar rayonunda kənd təsərrüfatı məhsullarına ciddi ziyan vuran qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri çərçivəsində profilaktik işlər davam etdirilir. Qəhvəyi mərmər bağacığı təsərrüfatlara ciddi ziyan vuran zərərverici olmaqla ölkəmizin şimal-qərb və qərb rayonlarının bəzi kəndlərində yayılmışdır. 300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli şəkildə aşağı salan zərərvericiyə qarşı ilboyu mübarizə tədbirləri aparılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ölkədə qəhvəyi mərmər bağacığının aşkarlanması ilə əlaqədar təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, həmin zərərvericinin Respublikanın digər ərazilərinə yayılmasının qarşısının alınması, mövcud yayılma ocaqlarının məhv edilməsi və fitosanitar sabitliyin təmin edilməsi məqsədilə 30 dekabr 2022-ci il tarixli sərəncam imzalanmış və həmin sərəncamla "Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsinə dair Tədbirlər Planı" təsdiq edilmişdir.
Bu istiqamətdə tədbirlərin həyata keçirilməsi məqsədilə Qusar Rayon İcra Hakimiyyətinin 23 iyun 2025-ci il tarixli 56 saylı sərəncamı ilə tabeliyində yaradılmış ixtisaslaşmış mobil bitki mühafizəsi dəstəsi və işçi qrupları bağacığın yayıldığı ərazilərdə, sirayətlənmə ocaqlarında, eləcə də qışlama yerlərində, dezinfeksiya, bioloji və kimyəvi mübarizə tədbirlərini həyata keçirmişdir. Yerlərdə sakinlərlə bu zərərvericinin yayılmasının qarşısının alınması, mübarizə üsulları, bioloji xüsusiyyətləri ilə bağlı məlumat və maarifləndirici xarakterli görüşlər keçirilmişdir.
Oktyabrın 8-də Qusar Rayon İcra Hakimiyyətində mobil bitki mühafizəsi dəstəsinin üzvlərinin iştirakı ilə qeyd olunan məsələ ilə bağlı müşavirə keçirilmişdir. Müşavirədə Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri də onlayn şəkildə iştirak etmişdir.
Müşavirədə zərərvericinin yayılmasının qarşısının alınması, vaxtında aşkarlanması və kənd təsərrüfatı məhsullarına vurduğu ziyanın minimuma endirilməsi yolları müzakirə edilib. Qeyd edilib ki, qəhvəyi mərmər bağacığı xüsusilə meyvə və tərəvəz bitkilərinə ciddi ziyan vurur və onun vaxtında aşkarlanıb zərərsizləşdirilməsi məhsuldarlığın qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bildirilib ki, zərərvericinin yayılmasının qarşısını almaq və vaxtında aşkarlanmasını təmin etmək məqsədilə rayonun 40-dan yuxarı kəndində 800 ədəd feromon tələ quraşdırılıb. Tələlərin yerləşdirildiyi kəndlərdə rayonun Bitki Mühafizəsi və Fumiqasiya xidmətinin əməkdaşları tərəfindən yerli əhali ilə maarifləndirici görüşlər keçirilib. Sakinlərə zərərvericinin yaratdığı təhlükələr, aşkar edildiyi halda görülməli tədbirlər barədə ətraflı məlumat verilib, buklet və maarifləndirici materiallar paylanılıb. Rayon ərazisində monitorinq və maarifləndirmə tədbirləri mütəmadi olaraq davam etdiriləcək.
Keçidlər