Qusar rayonunda “Qəhvəyi mərmər bağacığına qarşı mübarizə və maarifləndirmə” mövzusunda tədbir keçirilib
10 mart 2026 | 18:09
Martın 10-da Qusar Rayon İcra Hakimiyyətində Qusar Rayon İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə “Qəhvəyi mərmər bağacığına qarşı mübarizə və maarifləndirmə” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov, Aparatın məsul əməkdaşları, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev və Agentliyin sədr müavini Cəfər Məhərrəmov, Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin müdiri Ceyhun İbrahimov, yerli icra nümayəndələri, bələdiyyə sədrləri, aidiyyəti qurumların rəhbərləri və sahibkarlar iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov qonaqları salamlayaraq kənd təsərrüfatının rayon iqtisadiyyatında oynadığı mühüm roldan danışmış, rayonda kənd təsərrüfatı sahəsinə ciddi ziyan vuran halların, o cümlədən qəhvəyi mərmər bağacığı zərərvericisinə qarşı mübarizənin və maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulamışdır. Şahid Fərəməzov qeyd etmişdir ki, respublikamızın inkişaf etmiş kənd təsərrüfatı rayonlarından biri olan Qusar rayonunda ötən ildə istehsal olunan ümumi daxili məhsulun 54%-i kənd təsərrüfatı sahəsinin payına düşür. Son 10 ildə rayonda 8500 hektardan çox yeni meyvə bağları salınmış, hazırda mövcud meyvə bağlarının ümumi sahəsi 17860 hektara çatmışdır.
Şahid Fərəməzov həmçinin bildirmişdir ki, kənd təsərrüfatında məhsuldarlığın azalmasına səbəb olan problemlərin aradan qaldırılması üçün Rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər həyata keçirilir, aqro-texniki tədbirlərin vaxtında və keyfiyyətlə görülməsinə nəzarət olunur. Son illərdə respublikanın ərazisində yayılmış və Qusar rayonunda da müşahidə edilən qəhvəyi mərmər bağacığı zərərvericisinə qarşı mübarizə tədbirləri davam etdirilir, rayon sakinləri mütəmadi olaraq məlumatlandırılır, aidiyyəti dövlət qurumlarının prosesdə aktiv iştirakı təmin edilir.
Tədbirdə çıxış edən Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev və Agentliyin sədr müavini Cəfər Məhərrəmov görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat vermiş, zərərvericiyə qarşı mübarizənin gücləndirildiyini qeyd etmişlər. Bildirilmişdir ki, zərərvericinin yayıldığı bölgələrdə yerli əhali və sahibkarlarla mütəmadi görüşlər keçirilir, onlara zərərvericinin yayılma yolları, təsərrüfatlara vurduğu zərər və effektiv mübarizə üsulları barədə ətraflı məlumat verilir. Bundan əlavə, maarifləndirici bukletlər, videoçarxlar və bannerlər hazırlanaraq media və sosial şəbəkələrdə paylaşılır.
Tədbir çərçivəsində zərərvericinin xüsusiyyətlərini və ona qarşı mübarizə üsullarını əks etdirən maarifləndirici videoçarx nümayiş etdirilmişdir.
Sonda iştirakçıların sualları cavablandırılmış, mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.






