Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda qış mövsümünə hazırlıq işləri davam etdirilir

26 noyabr 2024 | 18:53
Qusar rayonunda payız-qış mövsümü soyuq və sərt keçdiyi üçün əhalinin və sosial obyektlərin qış mövsümünə hazırlığı diqqət mərkəzində saxlanılır. Qarşıdan gələn qış mövsümünə hazırlıqla bağlı rayonun əlaqədar müəssisə və təşkilatları tərəfindən müəyyən tədbirlər həyata keçirilmiş, hazırlıq işləri görülmüşdür.
Qusar rayonunda mövcud 90 yaşayış məntəqəsindən 47-də istilik təminatı təbii qazla təmin olunur. Hazırda Avaran və Mucuq kəndlərində qazlaşdırılma işləri davam edir. Payız-qış mövsümündə əhali və digər istehlakçıların qaz təchizatının daha da yaxşılaşdırılması məqsədilə rayonun Samur qəsəbəsi, Əniqoba və Aşağı İmamqulukənd kəndlərində yeni şkaf tipli qaz tənzimləyici məntəqələr quraşdırılmışdır.
Rayonun Çiləgir, Köhnə Xudat Qazmalar kəndlərində və şəhərin Lezgintsev küçəsində müxtəlif diametrli 3500 metr qaz xətti çəkilmiş, 7 ədəd yeni siyirtmə quraşdırılmış və 3 ədəd siyirtmə yenisi ilə əvəz edilmişdir.
Əhalinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması məqsədilə də müəyyən işlər görülmüşdür. Belə ki, şəbəkələrin yenidənqurulması işləri yarımçıq qalmış Əvəcük, Xürel, Gündüzqala, Köhnə Xudat Qazmalar kəndlərində işlər davam etdirilir. Əcəxur, Şirvanlı və Caqar yarımstansiyalarının avadanlıqlarında cari təmir işləri aparılmış, hava elektrik verilişi xətlərində istismar müddətini başa vurmuş 74 dayaq yeni dəmir dayaqlarla əvəz edilmişdir. Çubuqlu və Caqar hava elektrik verilişi xəttlərində 24 ədəd dəmir-beton dayaq quraşdırılaraq 3700 m naqil çəkilmişdir. Rayonun Piral kəndində 437 ədəd dayaq, 75 ədəd söykənəcək və 250 ədəd sayğac quraşdırılaraq 9890 metr kabel xətti çəkilmişdir. Əniq, Mucuq, Caqar kəndlərində müxtəlif gücdə transformatorlar yeniləri ilə əvəz edilmiş, Əniq kəndi və Aladaş yaşayış massivi, Zindanmuruqqışlaq kəndində yeni Transformator Məntəqə quraşdırılaraq istismara verilmişdir.
Qusar Mənzil İstismarı Müəssisəsi Mənzil Fonduna aid çoxmənzilli binalarda qəzalı, yararsız vəziyyətdə olan su, qaz, elektrik xətlərində təmir-bərpa işləri aparmışdır. Qusar su-kanal sahəsi tərəfindən də magistral və məhəllədaxili su şəbəkələri yoxlanılmış, su xətlərində baş vermiş nasazlıqlar aradan qaldırılmışdır.
Payız-qış mövsümündə əhalinin təbii qaza və elektrik enerjisinə olan tələbatın artması ilə əlaqədar məişətdə yarana biləcək yanğın, qısaqapanma və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması məqsədilə əhali arasında mütəmadi olaraq maarifləndirmə tədbirləri aparılır.
Keçidlər