Qusar rayonunda qış mövsümünə hazırlıq işləri müzakirə edilib
09 dekabr 2025 | 18:21
Qusar rayonunda xidmət sahələrinin qış mövsümünə hazırlıq işlərinin gedişi və qarşıdakı dövr üçün görüləcək tədbirlərin müəyyənləşdirilməsi məqsədilə aidiyyəti qurumlarla mütəmadi iş aparılır. Qışa hazırlıq məsələləri rayon səviyyəsində ən prioritet istiqamətlərdən biri kimi diqqət mərkəzində saxlanılır və bütün sahələr üzrə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi zəruri hesab olunur.
Dekabrın 8-də Qusar Rayon İcra Hakimiyyətində qarşıdan gələn qış mövsümünə hazırlıq vəziyyətinin dəyərləndirilməsi, mövcud ehtiyacların müəyyənləşdirilməsi və zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə Qusar Rayon İcra Hakimiyyəti başçısının, RİH başçısı Aparatının məsul şəxslərinin, aidiyyəti qurumların və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə geniş tərkibli iclas keçirilmişdir.
İclasda aidiyyəti qurumların rəhbərləri rəhbərlik etdikləri sahələrdə görülmüş işlər, mövcud vəziyyət və problemlər barəsində rayon rəhbərinə məlumat vermiş, mövcud çatışmazlıqlar və onların aradan qaldırılması yolları ilə bağlı müzakirələr aparılmışdır. Qeyd edilmişdir ki, 2025-2026-cı illərin payız-qış mövsümünə hazırlıqla bağlı rayonun əlaqədar müəssisə və təşkilatlarının əsas vəzifələrindən biri çoxmənzilli binaların, məktəblərin, uşaq bağçalarının, xəstəxanaların və digər sosial obyektlərin istilik sistemlərinin saz vəziyyətdə saxlanılması, əhalinin müntəzəm elektrik enerjisi, təbii qaz, içməli su və yanacaq odunla təmin edilməsi, yol-nəqliyyat infrastrukturunun daim işlək vəziyyətdə saxlanılması üçün zəruri tədbirləri görməkdən ibarətdir.
RİH başçısı qarşıya qoyulan vəzifələrin vaxtında və tam həcmdə icra olunması üçün bütün qurumların qarşılıqlı fəaliyyətinin vacibliyini vurğulamış, aidiyyəti qurumlara konkret tapşırıq və tövsiyələrini vermişdir. Qeyd olunmuşdur ki, hər bir xidmət sahəsi öz fəaliyyət sahəsində ən yüksək hazırlıq səviyyəsini təmin etməli, baş verə biləcək nasazlıq və fəsadlara dərhal müdaxilə olunmalı, əhali qış mövsümü boyunca fasiləsiz və təhlükəsiz xidmətlə təmin edilməlidir.






