Qusar rayonunda Qurban bayramı münasibətilə şəhid ailələri və qazilərə bayram payları təqdim olunub
07 iyun 2025 | 19:00
Müqəddəs Qurban bayramı münasibətilə Qusar rayonunda şəhid ailələrinə və qazilərə diqqət və qayğının ifadəsi olaraq sosial dəstək aksiyası həyata keçirilib. Bayram günlərində Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov tərəfindən şəhid ailələrinə və qazilərə, Qusar bələdiyyəsi tərəfindən isə qazilərə qurban əti paylanılıb.
İyunun 6-da Qusar Rayon İcra Hakimiyyətinin və Qusar bələdiyyəsinin əməkdaşları tərəfindən şəhid ailələrinin və bir qrup müharibə qazisinin yaşadığı ünvanlara baş çəkilib, onlara bayram münasibətilə xoş arzular çatdırılıb və qurban əti paylanılıb.
İyunun 7-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov tərəfindən şəhid Zamanov Sənan və Nurmətov Çobanın ailələri, Vətən müharibəsi qazisi Maverdiyev Volodya evində ziyarət edilib. Onlara Qurban bayramı münasibətilə bayram sovqatları təqdim edilib.
Görüşlərdə şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qazisi ilə səmimi söhbət zamanı icra başçısı onların qayğı və ehtiyacları ilə maraqlanıb.
Qurban bayramı münasibətilə həyata keçirilən bu nəcib təşəbbüs, rayon sakinləri tərəfindən dərin təşəkkür və razılıqla qarşılanıb.






