Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda sahibkarlarla görüş keçirilib

24 iyul 2025 | 18:30
Ölkə rəhbərliyinin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri də regionlarda sahibkarlığın təşviqi, kiçik və orta biznesin genişləndirilməsi və yeni iş yerlərinin yaradılmasıdır.
İyulun 24-də Qusar rayonunda Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə sahibkarlarla görüş keçirilib. Görüşdən əvvəl Qusar şəhəri ərazisində fəaliyyət göstərən “Monolit Tikinti” MMC-yə baxış keçirilib. Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Agentliyin nümayəndələri müəssisənin fəaliyyəti ilə yaxından tanış olublar.
2010-cu ildən fəaliyyət göstərən müəssisə tikinti materiallarının satışı, metal-konstruksiya istehsalı sahəsində bölgədə özəl sektorun inkişafına töhfə verən əsas sahibkarlıq subyektlərindəndir. Hazırda müəssisədə 53 nəfər işçi çalışır. Rəhbərlik tərəfindən müəssisənin fəaliyyəti, satış şəbəkəsi və gələcək planlar barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, müəssisə müxtəlif vaxtlarda KOBİA-nın hüquqi yardım, xarici və yerli sahibkarlarla əlaqələndirmə və təlim xidmətlərindən istifadə edib.
Baxışdan sonra Qusar Rayon İcra Hakimiyyətində sahibkarlarla görüş keçirilib. Tədbir çərçivəsində əvvəlcə KOBİA-nın fəaliyyətini əks etdirən təqdimat filmi nümayiş olunub.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov tədbirdə çıxış edərək ölkə rəhbərliyinin sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğıya toxunub. İcra başçısı regionun iqtisadi inkişafında kənd turizminin, yerli istehsalatın və kiçik biznesin rolunu xüsusi vurğulayıb. Bildirilib ki, işsizliyin aradan qaldırılması, məşğulluğun təmin olunması və dayanıqlı inkişaf üçün sahibkarlıq fəaliyyətinin dəstəklənməsi əsas prioritetlərdəndir. Dövlətin sahibkarlara yaratdığı əlverişli şərait, güzəştli mexanizmlər və institusional dəstək imkanları fonunda yerli biznes subyektlərinin təşəbbüskarlıq və innovativ yanaşmalar əsasında inkişaf etməsi, təkcə regionun iqtisadi yüksəlişinə deyil, ümumilikdə ölkənin sosial rifahına və strateji hədəflərinə xidmət edən mühüm amildir.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Azər Badamov çıxışında qeyd edib ki, sahibkarlıq fəaliyyəti yerli əhalinin rifahına xidmət edir və regionların sosial-iqtisadi dinamikasına təkan verir. Millət vəkili Qusarda da KOB evlərinin fəaliyyətə başlamasının əhəmiyyətini vurğulayaraq, bunun sahibkarlara göstərilən xidmətlərin əlçatanlığını artıracağını qeyd edib.
Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyət istiqamətləri, göstərilən dəstək mexanizmləri, eləcə də “KOB dostu” institutunun məqsədləri barədə ətraflı məlumat verib. Bildirilib ki, KOBİA sahibkarlara hüquqi, iqtisadi və texniki məsləhətlər verir, onların dövlət dəstək mexanizmlərindən yararlanmasına yardım göstərir. Hazırda ölkənin 52 rayonunda “KOB dostu” şəbəkəsi fəaliyyət göstərir və bu strukturlar sahibkarların ehtiyaclarını yerindəcə öyrənərək onlara operativ dəstək verir. Qusar rayonu da bu şəbəkəyə daxil olan ərazilər sırasındadır.
Tədbirin sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb, onların təklif və problemləri dinlənilib.
Keçidlər