Qusar rayonunda "Şahin" hərbi-idman oyunları üzrə rayon birinciliyi keçirilmişdir
24 aprel 2025 | 15:30
22 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə qərarına əsasən təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq ümumtəhsil müəssisələrinin X və XI siniflərində təhsil alan şagirdlərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə edilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olunması, “Şanlı Zəfər” tarixini təbliğ etmək məqsədilə gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olan “Şahin” hərbi-idman oyununun Qusar rayon birinciliyi keçirilmişdir.
Müdafiə Nazirliyinin Qusar rayonunda yerləşən N saylı hərbi hissəsində keçirilmiş yarışın açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Vətən torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin müavini polkovnik-leytenant Əfqan Zeynalov, Qusar rayon İcra Hakimiyyətinin əməkdaşı Kamran Sədullayev, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Mustafa Nuhbalayev, Qusar rayonu üzrə gənclər və idman sektorunun müdiri Emil Əmirmətov çıxış edərək, yarışın gənclərin vətənpərvərlik və milli ruhda tərbiyə olunmasında mühüm rolu olduğunu vurğulayıb, yarış iştirakçılarına müvəffəqiyyətlər arzu ediblər.
Yarışın məqsədi və qaydaları haqqında ətraflı məlumat verildikdən sonra yarışa start verilmişdir. Rayonun 18 ümumtəhsil məktəbini təmsil edən komandalarda ümumilikdə 252 şagird yarışa qatılmışdır. 9 mərhələdən ibarət olan yarışın yekunlarına görə ilk üçlükdə aşağıdakı komandalar yer almışlar:
I yer - Qusar şəhər Elxan Güləliyev adına 2 nömrəli tam orta məktəbin komandası;
II yer - Qusar rayonu Yuxarı Zeyxur kənd tam orta məktəbin komandası;
III yer - Qusar rayon Piral kənd tam orta məktəbin komandası;
Qalib komanda "Şahin" hərbi-idman oyunlarının zona mərhələsində iştirak etmək hüququ qazanmışdır.
Mükafatçı yerlərin sahibləri və ayrı-ayrı mərhələlər üzrə fərqlənən komandalar diplomlar ilə təltif olunublar.