Qusar rayonunda şəhid ailələri və qazilər üçün tibbi müayinə aksiyası keçirilib
05 oktyabr 2025 | 11:05
Oktyabrın 4-də Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyasının təşəbbüsü və akademik C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşkilatçılığı ilə Rayon Mərkəzi Xəstəxanasında şəhid ailələri, qazilər üçün tibbi müayinə aksiyası təşkil olunub.
Aksiya ilə əlaqədar Qusar Rayon Mərkəzi Xəstəxanasında olan Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov, Milli Məclisin deputatı Azər Badamov, YAP Qusar Rayon Təşkilatının sədri David İbramxəlilov, Qusar Rayon Xəstəxanasının rəhbərliyi xəstəxananın foyesində şəhidlərimizin xatirəsinə həsr edilmiş guşəni ziyarət edərək, onların şəkilləri önünə gül dəstələri düzüblər. Xəstəxananın rəhbərliyi tərəfindən aksiya ilə bağlı ətraflı məlumat verilərək bildirilib ki, təşəbbüsün əsas məqsədi Vətən uğrunda sağlamlıqlarını itirmiş qəhrəmanlarımıza, eləcə də şəhid ailələrinə peşəkar tibbi xidmət təqdim etməkdir.
Aksiyadan əvvəl Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov şəhid ailələri və qazilər ilə görüşüb, onlarla həmsöhbət olub, qayğıları ilə maraqlanıb.
Aksiya çərçivəsində 23 şəhid ailəsi üzvü, 18 qazi və 24 qazi ailəsinin nümayəndəsi olmaqla cəmi 65 nəfər müxtəlif tibbi xidmətlərdən yararlanıblar. Onlara laborator analizlər, ultrasəs müayinəsi (USM), elektrokardioqrafiya (EKQ), exokardioqrafiya (EXO-KQ), eləcə də kardioloq, nevropatoloq və endokrinoloq müayinələri aparılıb.
Qeyd etmək lazımdır ki, aksiyada iştirak edən 32 nəfər birbaşa Elmi-Tədqiqat Kardiologiya İnstitutunun arterial hipertenziya şöbəsinin rəhbəri, Kardiologiya kafedrasının müdiri, professor Tofiq Cahangirov tərəfindən müayinə olunub.
Aksiyanın oktyabrın 5-də də davam etdirilməsi nəzərdə tutulur.






