Qusar rayonunda şəhid ailələrinin və qazilərin övladları üçün Yeni il şənliyi keçirilmişdir
22 dekabr 2025 | 16:34
Azərbaycan dövlətinin şəhid ailələrinə, qazilərə göstərdiyi xüsusi diqqət və qayğı humanist dəyərlərə əsaslanan siyasətin əsas istiqamətlərindən biridir. Bu siyasətin tərkib hisssəsi olaraq şəhidlərimizin əmanəti olan övladlarının, o cümlədən qazilərin övladlarının hərtərəfli inkişafı, sağlam mühitdə böyümələri, keyfiyyətli təhsil almaları, milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmaları və cəmiyyətə faydalı, vətənpərvər vətəndaşlar kimi formalaşmaları istiqamətində tədbirlər həyata keçirilir.
Dekabrın 22-də Qusar Rayon Heydər Əliyev Mərkəzində şəhid ailələri və qazilərin övladları üçün “Balaca qəhrəmanlara Yeni il möcüzəsi” adlı Yeni il tədbiri keçirilmişdir. Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH Başçısı Aparatının məsul şəxsləri, rayonun bir qrup mədəniyyət müəssisəsinin rəhbəri və əməkdaşları, şəhid ailələri, qazilər və onların övladları iştirak ediblər.
Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov qeyd edib ki, şəhid ailələrinin, müharibə iştirakçılarının sosial müdafiəsinin təmin edilməsi, onların övladlarının hərtərəfli inkişafı, savadlı, vətənpərvər, yüksək mənəvi keyfiyyətlərə malik vətəndaşlar kimi formalaşması istiqamətində həyata keçirilən tədbirlər Azərbaycan dövlətinin şəhidlərimizin xatirəsinə və onların ailələrinə göstərilən yüksək ehtiramın bariz nümunəsidir. Bu sahədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi və təşəbbüsü ilə şəhid ailələri, müharibə iştirakçıları və onların övladları üçün mühüm dövlət proqramları, humanitar, sosial və mənəvi yönümlü layihələr reallaşdırılır və davamlı xarakter daşıyır. İcra başçısı bütün tədbir iştirakçılarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə təbrik edərək, onlara möhkəm cansağlığı, uşaqlara sağlam, xoşbəxt və firavan gələcək, təhsil həyatlarında uğurlar arzulayıb.
Tədbirdə çıxış edən digər rəsmilər qarşıdan gələn əlamətdar bayramlar münasibətilə təbriklərini çatdırıblar. Qeyd edilib ki, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin daim uca tutulması, ailələrinin sosial müdafiəsinin və övladlarının layiqli gələcəyinin təmin edilməsi dövlət və cəmiyyət qarşısında duran mühüm məsuliyyətdir.
Tədbirin bədii hissəsində Şaxta baba və Qar qızın iştirakı ilə rəngarəng Yeni il proqramı, hədiyyələr təqdim olunmuşdur. Müxtəlif əyləncəli oyunlar və interaktiv proqramlar uşaqlarda xoş ovqat yaratmış, onlara Yeni il sevincini yaşatmışdır.






