Qusar rayonunda şəhid məzarları ziyarət olunub
29 oktyabr 2025 | 19:31
Oktyabrın 29-da Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, RİH başçısı Aparatının məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Qusar Rayon Təşkilatının sədri, müvafiq inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədri ilə birlikdə rayonun Gədəzeyxur, Gündüzqala və İmamqulukənd kəndlərində şəhid məzarlarını ziyarət edib.
Ziyarət zamanı şəhidlərin xatirəsi ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub. İcra başçısı şəhid ailələri və kənd sakinləri ilə söhbət edərək onların qayğıları ilə maraqlanıb, müraciətlərini dinləyib.
Görüş zamanı rayon rəhbəri Birinci və İkinci Qarabağ müharibələrində canlarını Vətən uğrunda qurban vermiş qəhrəman övladlarımızın şücaətindən bəhs edib, onların Vətən qarşısında misilsiz xidmətlərinin xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulayıb. Qazanılmış tarixi Qələbənin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasətinin nəticəsi olduğunu diqqətə çatdırıb.
İcra başçısı şəhid ailələrinə dərin hörmət və ehtiramını bildirərək, onların daim dövlətin və rayon rəhbərliyinin qayğısı ilə əhatə olunduğunu qeyd edib.






