Qusar rayonunda şəhid məzarlarının ziyarəti davam etdirilir
07 oktyabr 2026 | 09:02
Vətənimizin ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi hər zaman uca tutulur.
Oktyabrın 6-da Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB Aparatının məsul şəxsləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri tərəfindən rayonun Hiloba, Quxuroba, Ləgərqışlaq, Yeni Həyat, Bədirqala və Həsənqala kəndlərində şəhidlərin məzarları ziyarət olunub, onların keçdiyi şərəfli döyüş yolu və Vətənin müdafiəsi naminə göstərdikləri misilsiz qəhrəmanlıq bir daha yad edilib. Şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, onların əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə olunub.
Qeyd olunub ki, Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq şəhidlərimizin qəhrəmanlığı Vətənə sədaqətin və dövlətçilik dəyərlərinə bağlılığın ən ali nümunəsidir. Onların göstərdiyi şücaət və fədakarlıq gələcək nəsillər üçün örnək olmaqla yanaşı, Vətən sevgisinin ən uca ifadəsi kimi daim ehtiramla anılacaqdır.
Ziyarətin davamında qazilərin iştirakı ilə çay süfrəsi təşkil edilib.






