Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda şəhid övladları üçün 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib

01 iyun 2025 | 21:21
1 iyun 2025-ci il tarixdə Qusar rayonunda Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Anatoliy Rafailovun və "Magen David Azərbaycan" İnsan Hüquqları və Xeyriyyə Cəmiyyətinin birgə təşkilatçılığı ilə Qusar və Quba rayonlarından olan şəhid ailələrinin övladları üçün 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilmiş, konsert proqramı təşkil edilmişdir.
Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov, Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab İlqar Mahmudov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Qusar və Quba RİH başçısı Aparatlarının məsul əməkdaşları, şəhid ailələri və onların övladları iştirak ediblər.
Tədbir öncəsi səmaya rəngarəng şarlar buraxılaraq, bayram əhval-ruhiyyəsi yaradılmışdır.
"Meydan" restoranında davam etdirilən tədbirdə Azərbaycan Respublikasının memarı və qurucusu Ulu Öndər Heydər Əliyev və Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov tədbir iştirakçılarını salamlayaraq, 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı şəhid övladları başda olmaqla, bütün uşaqlara ən xoş arzularını çatdırıb. Qeyd edilib ki, dövlətimizin həyata keçirdiyi sosial siyasətin əsas prioritetlərindən biri də məhz şəhid ailələrinə və onların övladlarına daim diqqət və qayğı ilə yanaşmaqdır. Onların sağlam, vətənpərvər və bilikli gənc nəsil kimi yetişməsi üçün bütün imkanların səfərbər olunduğunu diqqətə çatdıran rayon rəhbəri, bu tədbirin də məhz həmin siyasətin davamı olaraq, həyata keçirildiyini diqqətə çatdırıb.
Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab İlqar Mahmudov da öz çıxışında dövlətin və millətin mənəvi dayağı olan şəhid ailələri və onların övladlarına diqqət və qayğı göstərilməsinin hər birimizin borcu olduğunu qeyd edib. Uşaqlara gələcək həyatlarında uğurlar arzulayaraq, onlara öz potensiallarını reallaşdırmaq üçün səylə çalışmaq tövsiyəsini verib.
Tədbirdə çıxış edən digər natiqlər də, xüsusilə şəhid ailələrinin övladlarına göstərilən dövlət qayğısından bəhs etmiş, onlara bayram münasibətilə xoş arzularını çatdırmışlar. Qeyd edilib ki, uşaqların hərtərəfli inkişafı, milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi və onların gələcəyin layiqli vətəndaşları kimi formalaşdırılması istiqamətində həyata keçirilən dövlət siyasəti strateji əhəmiyyət daşıyır və bu siyasətə sadiqlik ölkəmizin sabahkı inkişafının əsas təminatıdır.
Tədbirdə çıxış edən şəhid ailələrinin nümayəndələri onlara göstərilən diqqət və yüksək təşkilatçılığa görə tədbirin təşkilində əməyi olan bütün təşkilatçılara minnətdarlıqlarını bildiriblər.
Tədbir Respublikamızın tanınmış ifaçılarının iştirakı ilə konsert proqramı ilə davam etdirilmişdir. Uşaqlar üçün animasiya personajlarının iştirakı ilə əyləncəli proqram, musiqi və rəqs nömrələri təşkil edilmiş, sonda şəhid övladlarına hədiyyələr təqdim edilmişdir.
Keçidlər