Qusar rayonunda şəhidlərin əziz xatirəsi ehtiramla anılıb
21 oktyabr 2025 | 19:13
Qusar rayonunda şəhidlərin əziz xatirəsi ehtiramla anılıb
Oktyabrın 21-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun Ukur, Böyük Muruq, Düztahir, Nəcəfkənd və Mucuq kəndlərində şəhidlərin məzarlarını ziyarət edib.
Ziyarətdə həmçinin rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, RİH başçısı Aparatının məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Qusar Rayon Təşkilatının sədri, müvafiq inzibati ərazi dairələri üzrə nümayəndələr, şəhid ailələrinin üzvləri və kənd ağsaqqalları iştirak ediblər.
Şəhidlərin ruhlarına dualar oxunub, xatirələrinə ehtiram əlaməti olaraq məzarlar üzərinə gül dəstələri düzülüb.
İcra başçısı Sahir Məmmədxanov şəhid ailələrinin üzvləri ilə həmsöhbət olub, onların qayğıları ilə maraqlanıb, şəhidlərimizin xatirəsinin daim uca tutulacağını və dövlətin şəhid ailələrinə qayğısının davamlı xarakter daşıdığını vurğulayıb.






