Qusar rayonunda su infrastrukturlarına yerində baxış keçirilib
26 avqust 2025 | 18:31
Azərbaycan Respublikasında su ehtiyatlarının davamlı və səmərəli idarə olunması, mövcud infrastrukturun texniki vəziyyətinin qiymətləndirilməsi, perspektiv su layihələrinin planlaşdırılması, eləcə də monitorinq və qiymətləndirmə hesabatlarının keyfiyyətinin artırılması istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir.
Bu çərçivədə, müxtəlif regionlara təşkil olunan səfərlər zamanı ölkənin su hövzələrinə, hidrotexniki qurğulara, su təchizatı və meliorasiya infrastrukturlarına yerində baxış keçirilir, su sahəsindəki mövcud vəziyyət, çağırışlar və inkişaf imkanları dəyərləndirilir.
Növbəti belə səfər 25 avqust 2025-ci il tarixində Qusar rayonuna təşkil olunmuşdur. Səfərdə Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbərliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli nümayəndələri iştirak etmişlər.
Səfər çərçivəsində Samur-Abşeron kanalında monitorinq məqsədilə quraşdırılmış avtomat stansiyalara, yeraltı su ehtiyatlarının səviyyəsini və gündəlik dəyişkənliyini izləmək üçün qazılmış müşahidə quyularına, eləcə də ərazidə həyata keçirilən təmizləmə və sahilbərkitmə işlərinə yerində baxış keçirilmişdir. Ərazidə mövcud vəziyyət qiymətləndirilmiş, potensial risklər və infrastrukturun dayanıqlığı ilə bağlı müvafiq qeydlər aparılmışdır. Eyni zamanda, regionun su təsərrüfatı imkanları, su təminatının yaxşılaşdırılması və gələcək inkişaf istiqamətləri müzakirə edilmişdir.
Belə tədbirlər, ölkədə su ehtiyatlarının idarə olunması sahəsində effektiv qərarların qəbuluna, mövcud infrastrukturun optimallaşdırılmasına və ekoloji dayanıqlılığın təmin olunmasına mühüm töhfə verir.






