Qusar rayonunda taxıl biçini uğurla başa çatıb
18 avqust 2025 | 17:40
2025-ci ilin məhsulu üçün Qusar rayonunda taxılçılıq sahəsində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində yüksək məhsuldarlığa nail olunmuşdur. Cari mövsümdə rayonda ümumilikdə 19710 hektar sahədə taxıl əkilmiş, bunun 10650 hektarını buğda, 9060 hektarını isə arpa sahələri təşkil etmişdir.
Əkin dövründən başlayaraq məhsul yığımına qədər olan mərhələdə aqrotexniki tələblərə ciddi şəkildə riayət edilmiş, xəstəlik, ziyanverici və alaq otlarına qarşı kimyəvi və bioloji mübarizə tədbirləri vaxtında və düzgün formada həyata keçirilmişdir. Bitkilərin vegetasiya dövrü nəzərə alınaraq yemləmə gübrələrinin tətbiqi, torpağın münbitliyinin artırılması və məhsuldarlığın yüksəldilməsi məqsədilə müvafiq tədbirlər görülmüşdür.
Bununla yanaşı, fermerlərə və məhsul istehsalçılarına aqrar sahə üzrə mütəxəssislər tərəfindən zəruri tövsiyələr verilmiş, eləcə də maarifləndirici tədbirlər və təlimlər təşkil edilmişdir. Nəticə etibarilə, əkin sahələrində hər hansı bir kütləvi xəstəlik və zərərverici hadisəsi qeydə alınmamışdır.
Görülmüş tədbirlər nəticəsində 2025-ci ildə Qusar rayonunda ümumilikdə 57440 ton taxıl məhsulu tədarük olunmuşdur. Bu göstərici hər hektardan 29.1 sentner məhsul götürülməsi ilə nəticələnmiş və son illərin ən yüksək məhsuldarlıq göstəricilərindən biri kimi qiymətləndirilmişdir. Hazırkı nəticələr rayonda ərzaq təhlükəsizliyi, yerli istehsalın gücləndirilməsi və kənd təsərrüfatı sahəsinin dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.






